Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

 

KAHADA ÖLÜM HÖKMÜ

Bütün yer kürəsində öz torpaqlarında
günahsız şəhid olmuşların müqəddəs ruhuna!…

(İki pərdəli, dörd şəkilli mənzum dram)

İştirak edirlər:

Sultan kişi-60 yaşında
Fatimə ana-52 yaşında
Azərtac-onların qızı16 yaşında
Günay-onların qızı 14 yaşında
Qorqud-oğlu 18 yaşında
Suzanna-erməni qadını 45 yaşında
Boris - onun əri 50 yaşında
Digər əskər və zabitlər, gözətçilər
İlahi səs

1-Cİ PƏRDƏ

(1-ci şəkil)

1 mart 1992-ci il. Bir neçə gündür ki, Xocalı şəhəri erməni işğalçıları tərəfindən darmadağın edilib. Vəhşi işğalçılar hələ də dağ-daşda, meşədə, düzənlikdə qalan yüzlərlə meyidin öz torpaqlarında dəfn olunmasına belə aman vermir. Təsadüf nəticəsində işğalçılardan canı qurtulmış Sultan kişi üç uşağı və həyat yoldaşı ilə birlikdə rast gəldikləri balaca kahada gizlənirlər.
Sübh, səhər dan yeri yenicə sökülmüş, bu zaman yaxınlıqdakı cığırdan Əskərana gedən erməni qadını Suzanna seyrək ağaclıqda bir kişinin əyilə-əıyilə quru şaxları yığdığını görür. Suzanna tələsik Əskarana üz qoyur. Bütün bunlardan xəbərsiz binəva Sultan kişi kahaya gəlir. Növbəti faciəni hələlik alın yazısı olsa belə ağlına gətirməyərək içəri daxil olur…

Sultan kişi
(qayğılı və iztirablı)

Bir az odun yığıb gətirdim sizə,
Şaxta da dayanıb yağı tək üzə.
Bura gözdən iraq, könüldən uzaq,
Dondurmamaq üçün bizləri sazaq,
Dedim çır-çırpını yığım gətirim.
Azca sıcaqlıqçın sizə yetirim.
Balaca bir ocaq qalayım gərək,
Bəlkə imdad etdi, yol açdı fələk…

Fatimə ana
(gözü yaşlı və həyacanlı)

A kişi, tüstünü görər erməni,
Nə olub a balam qan tutub səni?
Yorğana bürünüb oturmuşuq da,
Bir az suyumuzda vardır tuluqda.
Bakıdan ümidi üzməyirəm mən,
Qarabağ göyündən çəkilər bu çən…

Azərtac
(son dərəcə gözəl)

Ana, Xocalının ahı-vayları,
Qanlı çeşmələri, qanlı çayları,
Hər gecə yuxumda tufana düşür,
Bir çaylaq daşı tək həyat sürüşür…
Görürəm Günayla məni yağılar,
Tutub ləkələnib namus, ismət, ar.
Onsuz əsirlikdən qurtulmaq çətin,
Biz qurbanı olduq ah, xəyanətin..!
Doğma ocağında əsir olasan?

Günay
(həyacanla)

Tanrım, aralıqda yurdsuz qalasan?
Ata, yalvarıram öldür sən bizi!
Qurtar fəlakətdən bu qəlbimizi.
Hər tərəfdə yağı qurtulmaq çətin,
Əsir düşməkdirmi sənin niyyətin?
Öldür anamı da qoy qul olmasın,
Enib yağılara saçın yolmasın…

Qorqud
(yumruqlarını hikkə ilə sıxır)

Günay nə danışır, ah, aman, Allah,
Biz qaçaq siz ölün, bu ki lap günah.
Onsuz çörəyimiz daha qurtarıb,
Axır günlərimiz kahaya varıb,
Acından hamımız ölərik bir gün,
Bəxtimizin quşu düşüb didərgin.
Ömrümüz sərgərdan, yurd, zaman gərgin.

Sultan kişi
(son dərəcə qəzəbli)

Aman, ya Rəbbim, bir az səbr ver,
Qopmasın ayağım basdığım bu yer…
Öz doğmalarımı özüm öldürüm?
Zəlil olduğumu bir də bildirim!
De, Tanrı nə deyər nahaq qanlara?
Əlimlə etdiyim bu divanlara?!
Bəs yağı əlinə düşsələr necə?
Ləkəli namusla yaşamaq becə.
Ah, nələr söyləyir dilim, İlahi?
Özün yerdə qoyma qırğını ahi!
Səbr edin gecəni bir başa vuraq,
O qadir Allahdan bir çarə bulaq…

Fatimə ana

Nə deyim Tanrının səbri böyükdür,
Bəxtimiz havadan asılı tükdür…

2-ci şəkil

Əskaran, Borisgilin evi. Suzanna şam yeməyini mizin üstünə
düzə-düzə səhər gördüyü mənzərəni ərinə nəql edir.

Suzanna

A kişi, şad xəbər verəcəm sənə,
De, nə alacaqsan əvvəlcə mənə?
Bəxtimiz gətirib qazanc yeri var…

Boris
(acgözlüklə)

Axçi, ay arvadım, a sevimli yar,
Bir tuluq çaxırım sənə muştuluq,
Süfrə aç, mən özüm eyləyim qulluq.
Axırları çatıb, türklər öləcək,
Vazgen özü bir gün bura gələcək.
Suzanna
(tədbirli)

Oğuldan uşaqdan heç nəyimiz yox,
Bir məni saxlaya bilməyirsən tox.

Boris
(əsəbəi)

Arvad, bildiyini bir danışsana,
Özün öz işinə sən qarışsana.
Məzhəb haqqı məni gətirdin cana,
Nə qədər var-dövlət gərək insana?
Hələ Xocalıda yığdıqlarını,
Özgə inəklərin sağdıqlarını…
Ay qız, itirmisən sən lap arını,
Qızılı, sərvəti min bir varını,
Qoymağa yerin yox, hey ağlayırsan.

Suzanna
(arxayınca)

Boris, yenə nə çox yorğalayırsan?
Yaxşı, sən öl, çıxma özündən daha,
Məzhəb haqqı, işin qalıb Allaha!
Türkün var-dövləti mənə şirindi,
Bizim ulduzumuz göydə göründü!..
Mükafat gözləyir ocağımızı,
Şad müjdə verəcək erməni qızı!

Boris
(son dərəcə maraqla)

Söylə, qəlbindəki muradı anım,
Uzatma, bir danış, sən mənim canım.

Suzanna
(pıçıltıyla)

Meşənin yanından keçirdim, Allah,
Gördüm kol-kosluqda türk kişisi ah.
Əyilə-əyilə odun yığırdı…
Göydən lopa-lopa lam qar yağırdı.
O məni görmədi, canımda qorxu,
Sakitcə sivişdim, sanki bir yuxu!
Dedim, görsə məni boğar bir anda,
Sus, bunu danışma sən də hər yanda.
Özüm deyəcəyəm sabah zabitə,
Ki, ovun üstünə sakitcə yetə.
Mən var atəşindən bir an sönmərəm,
Bəxşiş verməsələr evə dönmərəm.
Gərək bəhərini əlimlə dərəm,
Bu işin bəhrəsin özüm də görəm.

Boris
(hiyləgərcəsinə)

Ay arvad, gözlərin yaman itidir,
Hə, sabah gedirsən, fikrin qətidir?
Bəlkə biz işlədək onu həyətdə,
Saxlayaq heyvan tək onu xəlvətdə.

Suzanna
(tədbirli)

Bəlkə, heç tək deyil o türk kişisi,
Çoxdur ağaclıqda erkək, dişisi…
Ətrafdan gəlirdi ocaq iyisi.


Boris
(kefi kök)

Yəqin ölüm çəkib onun da meysi,
Erkən rast gəlib sən əzrayıla,
Vallah, canı-dildən könlüm maila,
İş sənə havalə, özün bilərsən,
Əhsən, belə arvad fəhminə əhsən.

2-Cİ PƏRDƏ

(3-cü şəkil)

Sübh açılır, səhər öz üzünü göstərmək üzrədir. Əskəranda erməni zabitlərinin olduqları bir mərtəbəli bina, uzaqdan sərxoş əskərlərin qəhqəhələri gəlir. Sanki onlar rus qoşunlarının köməkliyi ilə qanlar içində boğduqları Xocalının ahı-fəryadlarını bayram edirlər. Bu zaman Suzanna tələsə-tələsə özünü dəhlizə yetirir. Dəhlizin qapısında əli avtomatlı erməni əskəri dayanıb, erməni qadını onun qulağına nə isə pıçıldayır və içəri daxil olur. Gözətçi onu başqa bir əskərlə baş erməni zabitinin olduğu otağa yollayır. Suzanna qapını döyməmiş özünü içəri salır.

Suzanna
(hiyləgərcəsinə)

Başımızın tacı gəlmək olarmı?

Baş zabit
(təkəbbürlü)

Millət bir-birindən izin alarmı?
Erməni hardasa, orda dayağım,
Meşinli qapılar açar ayağım!
Canımla, qanımla millətə qulam,
Mən ölsəm yolumla gedəcək balam.

Suzanna
(nazla)

Erməni zabiti, xoş gördük sizi,
Mən dünən tapmışam növbəti izi…
Göylərə qaldırar igidlik eli,
Axsın türkün qanı gurlatsın seli!
Bizim şöhrətimiz dünyanı aşıb,
Ayrı planeti gəzib dolaşıb.
Amerka, Fransa bizə can deyir,
Ruslar bir süfrədə bizimlə yeyir.
Sizdəki qüdrətə baş əyirəm mən,
Çəkilsin Arsaqdan çiskin, duman, çən.
Ondoqquzuncu əsr yüz əlli nəfər,
Üz qoydu İrandan Arsaqa səfər.
İndi yüz əlli min olmuşuq bu gün,
Sadəlövh türklərsə yurdsuz, didərgin.
Mərhəba, erməni xalqı, bir gün də,
Şahı olacaqsan yerin, göyün də!..

Baş zabit
(qəhqəhə ilə)

Axçi, ay madonna, dilin bıçaqdır,
Erməni qızları, vallah, qoçaqdır!
Gəl yüz tut arağı vurum səninlə,
Mən bir tost deyəcəm, sən məni dinlə.

Suzanna
( Özündən razı)

Mən ki, cənab zabit, əmrə müntəzir,
Könlümdə dəhşətli bir qisas gəzir.

Baş zabit
( mizin üstündəki tut arağından
iki qədəhə süzür.)

Erməni gözəli, qədəhi götür,
Könlümə bir dürlü səadət yetir.
Gəl vuraq qədəhi qədəhə bir an,
Qoy cövlan eləsin bu hiss, həyacan …
İç, böyük xalqımın gözəl maralı,
Mələklər tərəfdən sinəm yaralı!..

(zabit Suzannanın dodaqlarından öpür…)

Suzanna

Yaralı köksünə mən özüm qurban,
Sənə müjdə verim izin ver bir an.
Söylə, mükafatım sonda nə olar?
Bu işdə bəndənə nə bəxşiş qalar?

Baş zabit

(bir az kefli mizin siyirməsini çəkir, orda bir xeyli zinət əşyaları bərq vururdu, o göz oxşayan altunların içindən qızıl bir saatı əlinə alır və özü Suzannanın qoluna salır. O, təkəbbürlü)

Dünən türk qızını gəbərtdim burda,
Cəsədin tullatdım meşədə qurda!
Öncə iynə vurub gecə kef etdim,
Kefim istəyən tək kamıma yetdim,
Qızları pak çıxır bu batmışların…
Qoynuna qoymuşdu altunun, varın.
Əvvəl danışmırdı o heç bir ağız,
İynə vuran təki bülbül oldu qız.
Demə, nişan olmuş ona keçən ay…

Suzanna
(əsəbi)
Yaxşı ki siz ona tez qurdunuz vay!

Baş zabit

Bu qızıl saatı, xeyli altunu,
İnsanın sabahı, yaşam atını,
Tökdü ayağıma, buraxım onu,
Bilmədi çatıbdı bədbəxtin sonu..!
Yalvardı toxunmum mən paklığına,
Nə qədər girdimsə çox qılığına,
Yaxın buraxmadı məni o zalım.
Basım qucağıma kamımı alım.
Yaman möhkəm olur bu türk qızları,
Namus-ar onların bəxt ulduzları.
İynə öz işini gördü bircə an,
Bir gecə qoynumda oldu gözəl can.
Zülmlə öldürdüm türkün gözəlin,
Günah özündəydi, kəsmədi dilin…
Sonra da döşlərin üzdüm yerindən,
Köksünə güllələr düzdürdüm dən-dən…

Suzanna
(razılıqla qoluna baxır)

Türklər qırılmalı Arsaqdan daha,
Az qalıb o xoşbəxt, gözəl sabaha.
Dünən bir türk gördüm meşədə qəfil,
Yamanca qorxurdu yəqin ki, tifil.
Əzrayıl da yoldan məni çağırdı…
Arsaqda türk görmək necə ağırdı?
O kişi tək deyil gərək ki, orda,
Qaçıb gizləniblər o vurhavurda.

Baş zabit
(qəhqəhələrlə)

Erməni qızına eşq olsun bu gün,
Qoy Stepanakerdə çatsın müjdə, ün
Xankəndini etdik stepankəndi biz,
Bu yurdla əbədi vurur qəlbimiz!..
Gedib axtararıq elə indicə,
Bilirəm Suzanna söyləməz becə.
Özün apararsan gördüyün izə,
Göstər o yuvanı bu saat bizə.

Suzanna
(qürurla)

Baş üstə, göz üstə, ey Vətən oğlü,
İlahi tək bizə veribdi ağlı…

Onlar tələsik çıxırlar, on nəfər erməni əskəri ilə yola düşürlər.Gedənlərin arasında iki nəfər muzdlu zənci, iki nəfər də rus var.

4-cü şəkil

Dolu nahar vaxtı. Sultan kişinin ailəsinin gizləndiyi kaha,
Azərtac gecə gördüyü yuxunu həyacanla danışır. Kahanın
bir küncündə ocaq tüstülənir, ocağın üstündə hisli qazanda
su qaynayır…

Azərtac
(ağlar)

Yuxuda gördüm ki, qurulub mağar,
Burada nə qədər qohum, tanış var.
Qorquda toy edir bütün el, elat,
Dava yox şadlıqla çağlayır həyat.
Mən də qol götürüb toyda süzürəm,
Sanki yad baxanın bağrın üzürəm.

Fatimə ana
(həyacanla)

De ki, axırımız çatıb bu sabah,
Özün arxa dayan bizə, ey Allah!
Ya bir ölüm yolla hamımız bataq,
Köçlə, külfət ilə kahada yataq.
Yada ki…

Ümidsiz hönkürür.

Sultan kişi
qəzəbli və qorxulu düşüncələr içində

Sus, sus, şivən salma, ay arvad, dayan,
Allaha borcluyuq bir quruca can.
Gəlsələr əlimlə qıraram sizi,
Görən olmayıbsa kim tapar bizi?

(qəlbi ilə danışır…)
Bir quş tüfəngi də yoxdu, ay Allah,
Düşmən sinəsindən qoparım min ah!
Yağının əlində topu, tankı var,
Bəli, silahsızı silahlı qovar…
Biz hələ yatmışıq fil qulağında,
Vətənin, torpağın ağır çağında,
Kürsü düşkünləri kürsüyə əsir,
Anamız, bacımız yağıya əsir…

Bu zaman Fatimə ananın fəryadı gəlir…

Fatimə ana
(nalə ilə)

A kişi, nə getdin xəyala yenə,
Alışır nifrətdən, hiddətdən sinə.

Sultan kişi
(diksinir)

Ay arvad, ağzını bağla bir hovur,
Axmaq fikirləri başından sovur.
Erməni evləri talayır indi,
Xocalı odlanıb, Allah, nə gündü?!

Bu zaman yaxınlıqda erməni, fransız, rus dillərində
danışıq, kobud əskər çəkməsinin səsi gəlir…

Fatimə ana
(qorxa-qorxa)

Qız, yuxun qaraya qalaydı, bala,
Bu qədər zülüm olar, ey Allahtala!

Sultan kişi
tələsik baltanı axtarır, fəqət dünən meşəlikdə
salıb itirmiş…

Hardadı, baltanın yerini deyin?
Necə hiss etmədim düşüb itdiyin?

Fatimə ana
(vahimə içində)

Balta avtomata nə edər kişi?
Sən də itirmisən canla gərdişi!

(bir qədər fasilə)

Bu zaman Susanna, erməni zabiti və əskərlər kahaya
doluşurlar. Onların əlində ölüm saçan avtomatlar…

Baş zabit
(quduzcasına)
Suzanna, gör necə ov bəxşiş mənə,
Qəhrəman adını verəcəm sənə!

Suzanna
(kinli-kinli)

Əgər türklərdə də olsaydı nifrət,
Bizi məhv etməkçin tapardı cürət!
Yaxşı ki, onların ürəyi yumşaq,
Sanki ağılları bir körpə uşaq.
Biz pislik edirik, onlar yaxşılıq,
Bu millət əbədi niyə xoşqılıq?…
Bu türk köpəkləri qırılmalıdır,
Hər köksə min güllə vurulmalıdır.
Hansını göstərsəm birinci onu,
Doldurun gülləylə murdar qoynunu!

Baş zabit
(həqarətlə)

Kişi, Xocalıdan siz qaçmısınız,
Burada nə gizli yurd açmısınız?
Ara, o dəhşətdən siz qalırsınız?
Qırıla-qırıla çoxalırsınız…
Necə itirmisiz o gecə izi?
Ölümü kor etdiniz tapmasın sizi…
Tanrıdan güclüdür bizdəki qüvvət,
Əzrayıldan aldıq sübh-səhər dəvvət.
Sizin ki, ünvanı o verib bizə,
Qanınız dönəcək, indi dənizə.
Ha, ha, ha, kim gəlsin öncə irəli?
Çıxarılsın gözü, kəsilsin əli…
Nə olsun söylərsiz bizlərə dığa?
Erməni hakimdir, fəqət Arsağa!

Sultan kişi
(qəzəbli)

Sizdəki vicdandan xəbərim vardır,
Əfsus, beyninizdə hələ bahardır.
Biz gəlmə tayfanı millət eylədik,
Yurduna çevrildi hər düz, hər gədik.
Siz ki, qoltuqlarda daldalanansız,
Vazgen havasından ilham alansız.
İrəvən bölgəsin dövlət etdiniz,
Torpaq oğurlamaq ana xəttiniz.
Savaş istəyənlər bir gün qan qusar,
O taylı, bu taylı Azərbaycan var.
Ruslara güvənib qan tökənsiniz,
Ocaqlar söndürüb, yurd sökənsiniz…
Savaş istəyənlər birgün qan qusar,
Dövran zalımları boğazdan asar!
O taylı, bu taylı Azərbaycan var…
Qana hərisləri tutar ahı-zar!
Ölsək də yerimiz sabah min olar,
Vətən oğulları qələbə çalar!..

Baş zabit
(tapançanı ona tuşlayır…)

Al, bu tapançadan açılan güllə,
Sənə, millətinə dəyərli sillə.

Sultan kişi yıxılır, Fatimə ana nalələr içində qışqırır…
Və ərinin üstünə atılır. Üst-başı qana bulanır…
Fatimə ana
( fəryadla)

Aman, Tanrı, göstər öz qüdrətini,
Silahsız bəndənə sədəqətini…

Baş zabit
(qəhqəhələrlə)

Qalibin əsəbin bir anda gərmək,
Hə, nədi döşünə yatdı gəbərmək?!
Ölüm ayağında əyilmir bunlar,
Türkləri qorxutmur tökülən qanlar…

(Bu zaman Azərtac gözlənilmədən ocaqdakı qaynar suyu zabitin üzünə atır, dəhşətli türkürpədici bağırtı qopur…Rus əskəri avtomatdan bir qatar gülləni kahadakıların üstünə səpir.Təkcə Qorqud anasını qucaqlamış halda sağ qalır. Kahanı insan iniltisi bürüyür! Qorqud bir əliylə Fatimə ananın qoynundan çıxardığı düyünçəni ocağa atır, bir əliyləsə neçə gündən bəri gizlətdiyi qumbaranı gödəkçəsinin cibindən çıxarıb əskərlərə tərəf atır. Özünü itirmiş düşmən əskərləri nə zaman qumbaranın onların ayağı altında partladığını duymadılar. Yaralanmış Suzanna ocaqda yanan pullara doğru can atır… Kaha alışır… Qanlar bir-birinə qarışır, can verən
insanların iniltisi kahanı titrədir…

Suzanna
(ağır yaralı)
Ah, canım, üz-gözün yəqin ki, yandı,
Sən ki, can üstəsən qana boyandın!
Türklərin qorxusu yoxdu dünyada,
Doğra diri-diri, at yanan oda…

Baş zabit
(iniltiylə)

Suzanna, kor oldum, yandı gözlərim,
Yanıb tuluq olub büs-bütün dərim.
Bu türklər puç etdi hər diləyimi,
Qızıl qan aparır bu ürəyimi…
Qırılsın qalmasın qoy müsəlmanlar,
Dənizlərə dönsün bu axan qanlar…

(ölür..)

(erməni əskərləri və Suzanna artıq ölmüşdür.
Qorqudun anası, atası və bacıları da şəhid düşmüşlər, qumbaradan ağır yaralanmış Qorqud can üstə pıçıltılarla…)

Qorqud

İlahi, son nəfəs, son an, son zaman,
Qəlpə ürəyimdə ölürəm aman.
Əzizlər şəhidsə gözüm önündə,
Köksüm qan içində bu qara gündə!
Rəbbim, qisas aldım, qazidir adım,
Hənuz Allahıma çatdı fəryadım!
Aldın ürəyincə kamını Qorqud,
Qayıt öz soyuna, ey qurd oğlu, qurd!..
Yatın atam, anam, mərd bacılarım,
Fəqət ləkəsizdir namusum, arım…
Ey qız qardaşım Günay, Azərtac uyu,
Bizi yad edəcək bu yurdun soyu!
Sabah Milli Ordu zəfər çalacaq,
Qarabağ bizimdir, bizim olacaq…
Qarabağ bizimdir…

(qana bulaşmış sinəsiylə torpağı qucaqlayır, şəhid olur.
Kaha yanır və yana-yana bir-birinin ölümünə fərman
verən adəm övladlarına ilahi səs gülür…ha, ha, ha…

İlahi səs
(kahanın içində gurlayır)

Qırın, bir-birini vəhşi insanlar,
Yandırın, dağıdın qoy axsın qanlar…
Torpağı, ey bəşər, mən verdim sizə,
Mən həyat verirəm gecə-gündüzə.
Sonunuz ölümdür, dilsiz məzarlar,
Qalanlar ölənə məzar qazarlar.
Sizi yaradanı unudub nədən?
Məmləkət cızırsız dağdan, dərədən.
Qoymaram çoxalsın acgöz əsliniz,
Min il, milyon ildi qandı nəsliniz.
İnsan sümüyündən daşlar yarandı,
O adəm kökünüz hey pozdu andı.
Cəbrayıl, əzrayıl mənə müntəzir,
Ölüm ucuzlaşıb əllərdə gəzir.
Sizi qırdırıram bir-birinə mən,
Məzarlar içində çürüyəcək tən…
İblis içinizdən verəcəm ehsan,
Ruhunuz deyəcək bu işə əhsən…
Uçan boşqabları, səma daşları,
Dəmir canlıları, dəmir başları,
Göndərdim neçə yol yerin tərkinə,
İnsanlıq bürünsün həya kürkünə.
Xeyri yox qorxusu yoxdur bəşərin,
Kesib caynağına adəmlər şərin…
Dünya başdan-başa batıb günaha,
Dönün iblislikdən, yetin Allaha!..

3-7.01.1994

Pirallahı-Neft Daşları

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.