Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

 

DAĞILAN YUVALAR

/6 pərdəli, 12 şəkilli pyes/

İştirak edirdər: Nicat - 35 yaşında, iş yerini itirmiş
mühəndis.
Səba - 35 yaşında, Nicatın həyat yoldaşı, gözəl qadın,
qonşusu Nabatın qulluqçusu.
Aygün - onların qızı 6 yaşında.
Samir - 16 yaşında
Elçin - 12 yaşında
Fuad - 7 yaşında, onların oğlanları.
Camal - 50 yaşında, dükanda işləmiş, indi sələmlə
məşğuldu.
Nabat - Camalın həyat yoldaşı 45 yaşında.
Aytən - qızları, 25 yaşında.
Günay - onun rəfiqəsi, hər ikisi yüngül həyatla
məşğul olur.

I pərdə
1-ci şəkil

Pərdə açılır, hadisə vaqe olur Bakı şəhərində. 1993-cü il, soyuq qış günü, şimal kü-ləyi küçələrdə at oynadır. Nicat zavodda iş yerini itirəndən sonra bütün ümidini itirmiş, səhərdən axşamadək Bakının küçələrində dolaşıb indi evə qayıdır. Qapının düyməsini basır və qapını həyat yoldaşı Səba açır.

SƏBA
/əsəbi/
Hardasan? Unutdun evi də daha,
Bir tikə çörək yox, vallah sabaha.
Uşaqlar acından saralıb, solub,
Tanrı qarqışımı, bizə nə olub?
Yazıq körpələrin gözləri qəmli,
Bu necə talemiş dərdli, ələmli.

NİCAT
/ayaqqabılarını çıxara-çıxara/

Ay qız, qoy qapıdan girim içəri,
Bu acı zamanlar ötüb keçəri.
Həyatda yaxşı gün, pis gün də olar,
Bizim də cibimiz pul ilə dolar.
Nə olub bir qədər səbirini bas,
Hər gün gəl bu evdə qurma belə yas.

/otağa keçib böyük kürsüdə əyləşir./

SƏBA
/ümidsiz/
İş tapa bilmədin yenə, bilirəm,
Qalmışıq necə pis günə, bilirəm.
Evin əşyaların satıram bir-bir,
Sən də söyləyirsən eyləyim səbir.
Uşaqlar saralıb - solur acından.

NİCAT
Dedim ki, pul götür yenə bacından.

SƏBA
/acıqlı/
Nə qədər bacımdan pul alım, söylə?
Eh, davam eyləməz bu həyat böylə.

/əlini yelləyir gedir, mətbəxtdən bir stəkan su gətirib masanın üstünə qoyur./

NİCAT
/fikirli/
Quru çay da yoxdu evdə bir atım?

SƏBA
/ağlar/
Niyə qara oldu mənim həyatım?
Yavan çörək yeyir yazıq uşaqlar,
Qonşunun evində nə istəsən var.
Nələr geyindirmir o tək qızına?
Çullu dovşan girməz, vallah, ağzına.
Sələmlə doldurub evinə daş-qaş,
Yaşasın deyirəm min il belə baş.

NİCAT
/əsəbi/
Yenə də Camalı təTrif edirsən,
Yenə də onlara yəTqin gedirsən.
Haramdı sələmlə dolanmaq, arvad,
Dost-tanış içində çıxaraq pis ad?

SƏBA
/kəskin/
Artıq kürsünü də satmışam bu gün,
Düşsün qonşulara qoy səs, səda, ün.
Oturma üstündə bizimki deyil,
Sanma mən tərəfdən bir fitnə, fe`l.
Bir həftə çörəyin pulu ki, olar,
Sonrasın Rəbb bilər nə olar, olar.
Mən ki, qulluqçuyam, Nabata çoxdan,
Dolana bilmərik, ay Nicat, yoxdan.

NİCAT
/başını əlləri arasına alır./
Bütün ümidlərim qırılıb daha,
Gümanım qalmayıb gələn sabaha.

Pərdə örtülür.

I PƏRDƏ

2-ci ŞƏKİL

Pərdə açılır.
Axşam tərəfidir. Göz önünə Camalın cah-cəlallı varidatla dolu evi gəlir. Böyük qo-naq otağı başdan-başa göz oxşayır.

CAMAL
/özündən razı halda pul sayır./
Sələm qaldırıbdı məni ayağa,
Könlümü, qəlbimi döndərib dağa.
Deyirlər haramdı bu tutduğun yol,
Tanrı belə işə heç qoymayır qol.
Fəqət mənim qarnım, gözüm tox olsun,
Qoy aclıq, səfalət bizdən yox olsun!
Əzməsin dünyada ehtiyac canı,
Ehtiyac alçaldır yalnız insanı.

NABAT
/kök, dolu əndamını yellədə-yellədə sinidə billur stəkanda çay gətirir./
Ay kişi, bilmirəm, bu qız hardadı?
Səhərdən gedibdi qəlbim dardadı.
Heç evə-eşiyə sığmayır daha,

CAMAL
/əsəbi/
Bax arvad, bu sənə gələcək baha.
Ana sən, qızını məndən sorursan?
Başımı, beynimi böylə yorursan?

NABAT
/ədayla/
Ömrün pul saymaqla keçir dünyada,
Bəlkə var başında qızın qan, qada.
Ata övladına bir öyüd eylər,

CAMAL
/çılğın/
İyirmibeş yaşlı öyüdü neylər?
Qulluqçu istədin, qulluqçu tutdum,
Dünyada hər şeyi tamam unutdum,
Tək səni, qızımı düşündüm hər gün,
Vurdum çətinliyin bəxtinə düyün.
Var dövlət içində üzərkən belə,
Bir sağ ol, kəlməsin almırsan dilə?!

NABAT
/təkəbbürlü/
Kişi lap daşdan da pul çıxarmalı,
Ailəni saxlar, kişinin malı.

CAMAL
/hiddətlə/
Bax qonşu Nicata gör nə gündədi,
Bilmirsən dünyada pulsuzluq nədi?
Guya həkimliyi qurtarıb qızın,
Düzəldə bilmirəm heç vaxt ağızın,
Bir gündə neçə yol paltar dəyişir.
Xalq acından ölür nə hay, nə həşir?!

NABAT
/iste`zayla/
Eh, xalqdan bizə nə, xalqa nə olur,
Küçədə qırılır, saralıb solur.
Keçsin hər anımız, dövranımız xoş,
Ayıq başdan min yol yaxşıdır, sərxoş.

/qapı döyülür./
Nabat qapıya tərəf gedir, Aytən və rəfiqəsi bahalı dəri kürklərdə içəri daxil olur.

CAMAL
/acıqlı/
Ay qız, de sabahdan harda itmisən?
Yenə Günaygildə yəTqin bitmisən.

AYTƏN
/işvəylə/
Köhnə fikirliyi buraxın, ata,
Açıq gözlə baxın, siz bu həyata.
Namus da, şərəf də kasıblar üçün,
De, bu həqiqəti duymursuz neçin?
Namusun güdənlər acından ölür,
O gözəl Səbaya qonşular gülür.
Bizə qulluqçudur, o gözəl mələk,
Dörd uşağa yoxdu bir qarın çörək.

CAMAL
/Səbanın adını eşidəcək yumşalır./
Yaradan yaradıb Səbanı gözəl,
Ağlı olsun ömrün etməsin xəzəl.

AYTƏN
/rəfiqəsi Günaya göz vurur./
Hər şey səadətlə qurular, ata,
Yalnız açıq gözlə baxsan həyata.
Pərdə örtülür.

II PƏRDƏ

3-cü ŞƏKİL

Pərdə açılır. Nicatgilin evi. Nicat bir neçə gündür ki, evdən gedib, daha evə gəlmir. Uşaqlar artıq məktəbə getmirlər. Böyük oğlu Samir ac uşaqlara qoşulub yollarda maşın silir və bir, iki min manat qazanır.

SƏBA
/həyəcanlı, düşüncələr içində/
Əcəb yaxşı idi sovetlər vaxtı,
Hamının üzünə gülürdü baxtı.
Evimiz, pulumuz, paramız vardı,
Bu azadlığımız, könlüm qubardı.
Bir parça çörəyin acısıyıq biz,
Çökürük harınlar qarşısında diz.

/Güzgünün önünə gəlir./

Hələ gözəlliyim, ətim, canım var,
Hələ sağlamlığım, qaynar qanım var.

/Bu an qapı döyülür, Səba qapıya tərəf gedir. Qapını açır və Nicat daxil olur./

SƏBA
/təəccüblə/
Nicat, haralarda qalmısan bir de?
Evə gəlməyirsən, söylə nə sirr de?

NİCAT
Lazımdı yollanmaq çörək dalınca,
Ölüm də baxmayır didərgin, aca!
Rusyətə gedirəm, bir dostum ilə,
Mənə təTnə edib salma heç dilə.

SƏBA
/həyəcanlı/
Bəs mən, bəs uşaqlar, bizim halımız?
Səni cana yığdı qeylü-qalımız.

NİCAT
/əsəbi/
Mən cana doymuşam, incimə, Səba,
Burda yaşamaq da, ölmək də vəba.
Burda pulun yoxsa adam deyilsən,
Savadın olsa da səfil, veyilsən.
Ordan pul qazanıb yollaram sizə,
Fələk belə ömür yazıbmış bizə.

SƏBA
/təəccüblə/
Bəs sən yol pulunu hardan taparsan?
Tutalım kimdənsə alıb aparsan?
Onda borc içində batıb qalarıq.

NİCAT
/inamla/
Sələmçi Camalı başa salarıq,
Bir üç yüz dollar o verər mənə,
Sonra mən qazanıb yollaram sənə.

SƏBA
/həyəcanlı/
Yox, yox aman, Nicat, faiz bir ölüm!
Salar bəlalara eyləyər zülüm.
Daşın, bu fikirdən ayrı yol ara,
Vurma ürəyimin başına yara.

NİCAT
/ümidsiz/
Ayrı yolumuz yox, sən bunu düşün,
Allah qoysa, sonu xoşdur bu işin.
Zəng edim Camala görüm evdədir?

/Camala zəng edir./
Camal telefonu götürür, razılaşırlar. Uşaqlar Aygün, Elçin, Fuad yan otaqdan gəlir-lər. Ata və anasını qucaqlayırlar. Nicat uşaqlara heyrətlə baxır, bəs Samir hanı?

SƏBA
Samir maşın yuyur, bu heyrət nədir?
Qonşu uşaqlara qoşulub o da,

NİCAT
Atır yazıq balam özünü oda.
Gedim pul qazanm biz də varlanaq,
Biz də adam olub yaxşı dolanaq.

/Bu an qapı döyülür./
Səba dəhlizə gedib qapını açır. Samir əlləri donmuş halda içəri daxil olur və ağla-yır.

SƏBA
/həyəcanlı/
Nə olub, ay bala, göz yaşı nədən?
Görüm gün görməsin bizə zülm edən!

SAMİR
/ağlar/
Ana, qazanmışdım altı min manat,
Elə sevinirdim, açıb qol-qanad.
Polislər pulumu tutub aldılar,
İlantək könlümdən elə çaldılar,
Min manat verdilər bax yalnız mənə,
Onu da, ay ana, gətirdim sənə.

NİCAT
/kədərli/
Sonu yaxşılıqla qurtarar qəmin,
Allahım qurutsun gözünün nəmin.
Sabahdan gedirəm Rusyətə mən,
Oğlum, qüssələnmə, kədərlənmə sən.
Qazanıb çoxlu pul yollaram sizə,
Bu aclıq, səfalət qalıbmı bizə?
Dönməsin bizlərdən fələyin üzü,
Yoluma nur etsin gecə, gündüzü.

Pərdə çökür.

II PƏRDƏ

4-cü ŞƏKİL

Camalın evi. Nicat Camalın qonaq otağında üç yüz dollar Camaldan pul götürür. Camal Nicatın getməyinə sevinirdi. Ona görə ki, Nicatın arvadına vurulmuşdu.

CAMAL
/yalançı təbəssümlə/
Qonşu, fikir etmə hər şey düzələr,
Sizin həyata da yaxşı gün gələr.
Borcu ki, qazanıb qaytarmaq asan,
Gərək heç naümid olmasın insan.
Verərəm bu pulu on beş faizə,
Nə edim, sələm də qazancdır bizə?

NİCAT
/razılıqla/
Əlinə bərəkət, ay qonşu, vallah,
İndi çoxu belə, səndə nə günah?
Yenə də əl tutdun, verdin bu pulu,
Olmasın ağlımız pisliyin qulu!
Üç aya yollaram pulunu sənə,
Sən də bu üç ayı möhlət ver mənə.

CAMAL
/yağlı dillə/
Get, qonşu, nigaran olma sən evdən,
Dolmasın könlünə çiskin, duman, çən.
Səba da Nabata kömək eyləyər,
Aclığın, suzluğun qəddini əyər.
Gündəlik pulunu çıxarar burda,
Sən də pullanarsan, dönərsən yurda.
Uğurlar dilərəm haqdan yoluna,
Fələk qüvvət versin hər an qoluna.

/bu zaman Nabat qonşu otaqdan gəlir, üzünü Nicata tutur./

NABAT
/ədayla/
Eşitdim gedirsən, ay Nicat qardaş,
Demə, qəlb yerinə sinəmizdə daş.
Dörd uşaq yedirib doydurmaq çətin,
Yolun tapmaq olmur heç səadətin.
Uğurlar dilərəm getdiyin yola,
Sənə kömək olsun qoy Allahtala.

/Bu an Aytən öz otağından gəlir./

AYTƏN
Nicat, uğurların qoy bol-bol olsun,
Gələn sabahına açıq yol olsun.
Dünya beşgünlükdü, çox fikir etmə,
Könlünün içini dərdlə böyütmə.
Nə çoxdur orada eh, rus qızları,
Şimal ölkəsinin ay, ulduzları.
Vaxtını boş yerə keçirmə orda,
Harda məhəbbət var, kədər, qəm darda.
/Ha, ha, gülür./
Nicat sağollaşıb çıxır.

Pərdə örtülür.

III PƏRDƏ

5-ci şəkil

Nicatgilin evi, Səba Nicatın Rusiyaya getməsi üçün yır-yığış edir. Uşaqların dördü də evdədir və gözləri yaşlıdır.

NİCAT
/kədərli/
Nə edim bəxtimiz beləymiş demə,
Tuş olduq kədərə, tuş olduq qəmə.
Fələk axıtmasın gözdən yaşları,
Əyməsin sinəyə uca başları...
Samirim, Elçinim, Fuadım gəlin,
Kəsəcəm ömürlük kədərin əlin.
Aygünüm, ay qızım, ay dadım, duzum,
Bəxtimin aynası, tale ulduzum.
Mən ola bilmədim heç yaxşı ata,
Sizi əzablarçın atdım həyata.
Qayıdıb gələrəm, oxşaram sizi,
Fələk ayırmasın bir-birimizi.

AYGÜN
/ağlayır/
Ata, getmə, ata, mən qorxuram çox,
Sənsiz neyləyərik? Yox getmə, yox, yox!
Razıyam çörəksiz, susuz qalmağa,
Yox, dözməz ürəyim sənsiz olmağa.

NİCAT
/kədərli/
Aygünüm, sevincim, tökmə göz yaşı,
Onsuz da ağrayır könlümün başı,
Kişinin hörməti pulla ölçülər,
Qazancsız kişinin adı kiçilər.
Puldur ailəni şərəfləndirən,
Puldur ucalığa, haqqa endirən.
Samirim, bu evin böyüyü sənsən,
Yolunu kəsməsin çiskin, duman, çən.

SAMİR
/qətiyyətlə/
Fələk yollarına ələsin nurlar...
Get, ey əziz atam, sənə uğurlar.

SƏBA
/üzgün/
Üzmə uşaqların könlünü belə,
Tale ömrümüzü sovurdu yelə.
Bütün arzularım sinəmdə talan,
Yalanmış bu dünya, büsbütün yalan!
Get, gözlərik hər an qayıtmağını,
Tanrı göstərməsin sinə dağını.

NİCAT
/son dərəcə kədərli, yol çantası əlində, hamıyla öpüşür./
Sağ olun, qəriblik güzarım oldu,
Fələyin qoyduğu imzadı, qoldu.
Qoruyun ürəkdən bir-birinizi,
Heç vaxt ayırmasın Yaradan sizi!..

/vidalaşıb qapıdan çıxır/

SƏBA
/köks ötürür./
İlahi, kasıblıq döydü qapımı,
Qırdı min bir yerdən tale sapımı.
Hamı bir-birindən üz çevirib ah,
Qohumlar yad olub niyə, ay Allah?
Hərə qarınının dərdi hayında,
Ölçüsü azalıb haqqı-sayında.
Evimiz boşalıb dolardı bir vaxt,
Niyə qara gəldi bu tale, bu baxt?!
Tabaqı dolubdu hiyləgərlərin,
Düşübdü papağı yerə ərlərin.
Kişilər evindən qaçır yad elə,
Görüm bu həyatı yox olsun belə.

ağlayır.

Pərdə örtülür.

III PƏRDƏ
6-cı ŞƏKİL

Nicatın getməyindən 5 ay keçib. Səhərdir, Camalgilin evi, Nabat xanım yaxınlıqda olan qadın bərbərxanasına gedir. Səba Nabat xanımın döşəməsini silir. Bu an qapı dö-yülür. Səba qapını açır. Camal içəri daxil olur. Səbanı tək görür.

CAMAL
/sevincək/
Salam, Səba xanım, de kefin necə?
Baxışın, duruşun, yerişin incə.
Bir dəfə hə denən mənə könlüm qor,
Mənim olacaqsan ya güc, ya da zor.

SƏBA
/qorxmuş/
Puluna güvənib belə deyirsən,
Özünü bu qədər niyə öyürsən?
Göndərər pulunu Nicat, səbr elə,
Vermə qonşuluğu, ülfəti yelə.

CAMAL
/ötkəm/
Ay qız, üç ay çoxdan keçibdi daha,
İndi güman yoxdu, vallah sabaha.
Pul yoxdur sən varsan, gözəlliyin var,
İnsan yoxsulluğun burnunu ovar.
İstəsən ev alım sənə kənarda,
İnsaf et, atma gəl könlümü oda.

SƏBA
/əsəbi/
Pullamı ölçürsən, Camal, şərəfi?
Namusdur bəşərin yalnız əşrəfi.
Nicat gedən gündən həyatım qara,
Barı, bir rəhm eylə, sən uşaqlara.
Axı eyni xalqın övladıyıq biz,
Niyə bir-birinə yanmır qəlbimiz?!

CAMAL
/gülə-gülə/
Xalq, millət, ay Səba, boş cəfəngiyyat,
Kef ilə keçməli beş günlük həyat.
Sən elə bilirsən Nicat gələcək?
Axan göz yaşını bir gün siləcək?
Nə çoxdur şimalda rus gözəlləri,
Ruhunu oxşayar o ağ əlləri...
Sən də cavanlığı puç eylə burda,
Gözlə, Nicat dönər bir zaman yurda?!

Ha,ha,ha...

SƏBA
/hiddətlə/
Daha gülmək nədi, hırıltı nədi?!
Onsuz da Səbanın əyilib qəddi.
Hər gün körpələrin kədərli gözü,
Alışan qəlbimin atəşi, közü.
Onların üzünün itib gülüşü,
Kədərin köksündə bitib gülüşü.
Artıq usanmışam bu həyatımdan,
Mənə ələm verir hər saat, hər an.

CAMAL
/ehtiyatkarlıqla/
İzin ver son qoyum ələmlərinə,
Aparım könlünü eşq dəmlərinə.
Üç yüz dollar da qurbandı sənə,
İnan, Səba xanım, sən Allah mənə.
Deyərəm Nabata qaytarıb Nicat,
Könül xanəsinə bir az şadlıq qat.
Qadınların çoxu gedirlər hər ay,
Ya Türkiyə, İran, ya da ki, Dubay.
Mən sənə quraram burda cəh-cəlal,
Sıxmasın könlünü qoy qüssə, məlal.

SƏBA
/çaşqın/
Bəs Nicat, bəs evim, bəs uşaqlarım?
Üç oğlum bəxtimin tacı, vüqarım.

CAMAL
Səba, ac qarına nə oğul, nə qız?
Çürütmə ömrünü həyatda yalqız.
Sənə söz verirəm hər şeyin olar,
Könlünün evinə şadlıqlar dolar.

SƏBA
/bir az fikirləşəndən sonra/
Razıyam, qoruyaq könüldə sirtək,
Qalsın sinəmizdə bu sirr əsirtək...

CAMAL
/sevincək/
Səba, bilirdim ki, ağılın çoxdu,
Sənintək gözəldən dünyada yoxdur.

Səbanı qucaqlayır.

Pərdə çökür.

IV PƏRDƏ
7-ci şəkil

Bir neçə aydır ki, Camal Səba üçün bir otaqlı mənzil alıb şəhərin mərkəzində. Artıq Səbanın üzü, geyimi, davranışı dəyişmiş. Səba Camalla yeni mənzildə.

CAMAL
/özündən razı/
Ah, Səba, görürsən hər şey düzəldi,
Pulun var ömür də, gün də gözəldi.
İndi uşaqların məktəbə gedir,

SƏBA
/həyəcanlı/
Qulluqçu Səba da xanımlıq edir.
Üzür varlığımı qorxu-hürkülər...
Ağlım ürəyimə vurur sərkilər.
Gözümün önündən getməyir Nicat...!

CAMAL
/onun saçlarını oxşayır/
Ərini biryolluq ürəyindən at,
O səni sevsəydi pul yollayardı,
Qısqanclıq könlünün için oyardı.

SƏBA
/narahat/
Yəqin iş tapmayıb binəva orda,
Üzü yox dönməyə vətənə, yurda.
O ki, çox sevirdi balalarını,

CAMAL
Səba, xatırlama mənə yarını,
Ömrün anlarını kef ilə yaşa.
Fələk rəhm etməyir gözlərdə yaşa.
Bu köhnə fikirlər həyata baha,
Son qoy ürəyində kədərə, aha.
Hər şey yaratmışam səninçin burda,
Bu cür səadəti tapardın harda?
Sənin gözəlliyin könlümə qüvvət,
Hərdən ürəyimi bürüyür heyrət.
Belə mələyə də tənhalıq olar?
Çiçək də tək olsa saralıb solar.

SƏBA
Hələ də Nabata qulluq edirəm,
Silib süpürməkçin ora gedirəm.

CAMAL
Nabatı şübhəyə salmamaq gərək,
Onsuz da hiylədə o arvad zirək.
Çətin deyil orda sil-süpür etmək.
Lazım deyil işi, gülüm, böyütmək.

SƏBA
/göz yaşları içində gülür/
Camal bəy, arvaddan qorxursan yaman,
Salmaram yuvana qorxma, ah, aman!
Mənim ki, yuvamı fələk kor qoyub,
Könlümün, qəlbimin içini oyub.

CAMAL
Səba, sevdiciyim, bir düşün məni,
Qızıla tutmuşam onsuz da səni.
Çox da namus deyib uyma mələyim,
Səni taleyimə yazıb fələyim.
Götür Aytənimi, bircə balamı,
Onu yüngül sayır ətrafda hamı
Yaxşı yeyib-içmək, gəzmək həyatdır.
Namus kasıblarçın mənəviyyatdır!

SƏBA
/pərişan/
Camal, fikir vermə mənim halıma,
Sən ki, son qoymusan qeylu-qalıma.
Aclıqdan qurtardın o dörd balamı,
İndi su buraxmır taleyin damı!
Doğubdu bəxtimə Tanrı Günəşi,
Sənsən ürəyimin odu, atəşi.
Fəqət neylim, gəzir könlümdə qorxu,
Mənə elə gəlir bu həyat yuxu.
Qan ilə bitəcək bu işin sonu!..

CAMAL
/arxayın/
Nicatı deyirsən, gözləmə onu?
Yəqin ayrı həyat qurubdu o da,
Kişilər ömrünü boş verməz bada.

pərdə örtülür.

IV PƏRDƏ

8-ci şəkil

Səba öz mənzilində. Axşamdır, uşaqlar hamısı evdədir.

SAMİR
/fikirli/
Ana, axır vaxtlar hara gedirsən?
Bizi çox nigaran, Vallah, edirsən.

SƏBA
/çaşqın/
Samir iş tapmışam, ev çox varlıdı,
Evin də xanımı çox vüqarlıdı.
Deyir etmə mənə sən nankorluğu,
Çəkdirmərəm sənə puldan korluğu.

Bu zaman qapı döyülür. Səba qapıya gedir.
Qapını açır və Nabat içəri daxil olur.

NABAT
/təəccüblə/
Səba, səhər niyə gəlmədin bizə?
Bir əl gəzdirmədin heç evimizə.
Ay qız, salamı da tamam unutdum,
Demə ki, özümü yüksəkdən tutdum.

SƏBA
/çaşqın/
Vallah, Nabat bacı, heç vaxtım yoxdur,

NABAT
/iki mə`nalı/
Axır vaxtlar sənin işlərin çoxdu,
Evdə tapılmırsan Nicat gedəndən,
Üzülüb keçirsən iynədən dən, dən.
Mələyə dönmüsən axır zamanlar...

SƏBA
/özünü itirmiş halda/
Elə tez ötüşür, saatlar, anlar.
vallah, sabah gəlib sizə dəyərəm,
Evi-eşiyi də təmizləyərəm.

NABAT
Ay qız, bu Nicat da heç məktub yazmır,
De, ora gedənlər-kim yolun azmır?
Başı qarışıbdı rus gözəlinə,
Keçirib cananın birin əlinə.
Lap bizim kişini götür, hiyləgər,
O ki, mən yazığı, aldatmır məgər?
Bir də görürsən ki, yox olub gedir,
Mən hardan bilirəm, harda nə edir?!

SƏBA
/həyəcanlı/
Nə olub bu axşam, ay Nabat bacı,
Tökürsən dilidən bu qədər acı.
Uşaqların könlün qan eyləyirsən,
Gəlib oturandan nəhs söyləyirsən.

NABAT
/ayağa durur/
Yaxşı, yaxşı getdim, sabah gələrsən,
Mənzili yaxşıca töküb silərsən.

Gedir.
SƏBA
/kədər içidə, pıçıltılarla/
aman, ey Allahım, bu qədər kədər,
Əydi vücudumu büsbütün qədər.
Bağrımın içində bardaş qurub ah,
Mənə əzab verir hər gələn sabah...
Bilmirəm nə olar bu işin sonu?
Evimi yıxacaq sevgi oyunu.

Pərdə örtülür.

V PƏRDƏ

9-cu şəkil

Səhərdir, Səba Nabatgilin evində yır-yığış edir. Bu an Aytən yataq otağından ge-yimli qonaq otağına gəlir. səbanı döşəməni silən görür.

AYTƏN
/nazla/
Aha, Səba xanım, xoş gördük səni,
Yaman valeh etdin, ay mələk məni.
Heç sənə yaraşmır yır-yığış etmək,
Əzablara batıb bala böyütmək,
Bilirəm çox sevir atam da səni,
Sizin bu sevdanız şad etdi məni.
Dünya beşgünlükdü, beşi də heçdi,

SƏBA
/çaşqın/
Sus, sus, o gözlərin nə tezcə seçdi?
Sən Allah, ayıltma Nabat bacını,
Tökmə başımıza ağrı-acını.
Vallah, kasıblıqdan düşdüm bu yola,
Neyləyim, şirindi canımdan bala.

AYTƏN
Ay qız, arxayın ol məndən min dəfə,
Qoymaram bəxtinin evin hədəfə.
Sevin bir-birini, dünya beşgündü,
Həyatın yolları düyün-düyündü.

Bu an Nabat otağa daxil olur.

NABAT
/eyhamla/
A, Aytən, deyirəm Səba dəyişib,
Nicatın getməyi çox ona düşüb...

AYTƏN
Dünya beşgünlükdü, beşi də puçdu,
Son anda deməyin ömrümüz uçdu.
Ailənin nə qədər çoxdur cəfası,
Dünyada heç kimin yoxdur vəfası.

NABAT
/əsəbi/
Axmaq qız, ömrünü keçirmə hədər,
Cavanlıq beşgünlük tez gəlib gedər,
Səninçin yığırıq pulu, sərvəti,
Bilmirəm könlünün nədir niyyəti?
Qur sən də biriylə öz həyatını,
Mən də görüm, bala, toy büsatını.

AYTƏN
Mamıçka, toy-moya uyma dünyada,
Gedər cavanlığım, həyatım bada.
Mə`nalı keçirmək üçün hər anı,
Gərək qoruyasan bu şirin canı!
Bu gün dostlarımla gedirəm bara,
Mama, papa canı, məni az ara.

Əl çantasını götürüb evdən çıxır.

NABAT
/gur səslə/
Ay Səba, bilmirəm neyləyim, vallah?
Kimə öz dərdimi söyləyim, vallah.
İşi-gücü yeyib, içməkdi hələ,
Qəlbimə min yerdən dağ çəkir belə!
Nə qızdan, nə ərdən baş açmıram heç,
Puç oldu həyatım, ömrüm, günüm puç.
Yoxdur eh, səadət nə pulda, varda,
Çıxardım qəlbimi, gizləyim harda?!
Fələk aha bükür hər saatımı,
Batırır kədərə bu həyatımı.
Son vaxtlar kişi də evə az gəlir,
Şübhələr bağrımın içini dəlir.

Ağlayır.

SƏBA
/çaşqın/
Səbr et, Nabat bacı, səbr et bir qədər
Bağrını yaxmasın ah, qüssə, kədər!

Pərdə çökür.

V PƏRDƏ

10-cu şəkil

Axşamdan xeyli keçib. səba Camalın aldığı bir mənzilli otaqda, Camalla bir yerdə. Hər ikisi bir az sərxoş.

SƏBA
/sərxoş vəziyyətdə/
Ah, ah, aman, Camal, bu günlərim xoş!
Gəl sərxoş yaşayaq, anları sərxoş.
Sevinci sən verdin dünyada mənə,
Ən dadlı sevdalar qurbandı sənə.

CAMAL
/Səbanı özünə tərəf çəkir və köksünə sıxır./
Tapdım səadətin dadını səndə,
Bütün sevgilərin odunu səndə.
Gözəlim, könlünü eylə çil-çıraq,
Bu gecə zülmətin bağrını yaraq.

SƏBA
/sanki ayılır./
Ah, bəs uşaqlarım, onlar evdə tək?

CAMAL
/kefli/
Daha böyükdürlər, xiffətin az çək,
Sən də adam təki yaşa dünyada,
Atma ürəyini uşaqçın oda.
Onlar bir quş təki böyüyüb uçar,
Sən də öz ömrünü sürməyi bacar.

SƏBA
Yox, yox, Camal, gecdir, gəl gedək daha,
Sənə and verirəm böyük Allaha!
Nabat da şübhəli gəzir son zaman,
Üzür ürəyini kədər, ah, aman.
Yəqin bizim evə baş vurub indi,

CAMAL
/istehzayla/
Başına, gözünə daş vurub indi,
Gözəlim, vecinə alma sən onu,
Nabatın dünyada var olduğunu.
İstəsən, lap sabah boşaram gedər,
Səni taleyimə yazıbdı qədər.

SƏBA
/çaşqın/
Yox, yox, ağlını yığ başına daha,
Gümanım qalmayıb, Vallah, sabaha.
Nicat gəlib çıxsa, qan düşəcək, qan!
Yox olsun büsbütün qoy belə dövran,
Aytən artıq bilir bu sevdamızı...

CAMAL
/arxayın/
Aytən unutma ki, Camalın qızı,
O ki, kef əhlidi dünyada barı,
Heç ayrı salarmı yarından yarı?

SƏBA
/çılğın/
Ah, Camal, cahanda nə üçün bu qəm?!
Dərdimiz böyüyür içdə dəmbədəm.
Gəl sən gözlərindən sil bu yaşları,
Qəlbin çatılmasın dərddən qaşları,
Sevdaya bürüyək bu gecəmizi,
Tapmasın bu axşam bir kimsə bizi.

CAMAL
/sərxoş halda Səbanın sözlərini təkrar edir./
Sevdaya burüyək bu gecəmizi,
Tapmasın bu axşam bir kimsə bizi...
Pərdə çökür.

VI PƏRDƏ

11-ci şəkil

nicatın getməyindən artıq bir il ötüb. Səba öz evində yır-yığış edir. Birdən qapı dö-yülür. Səba qapını açır, poçtalyon ona məktub və pul qəbzi verir. Məktub Nicatdandı. Səba açır oxuyur:

NİCATIN MƏKTUBU

Ah, Səba, gözləmə bir daha məni,
Niyə mən alladım, yalandan səni?
Burda iş aramaq çətindən çətin,
Fəqət, yolun tapdım mən səadətin.
Qurdum həyatımı bir rus qızıyla,
Amma oynamıram onun nazıyla.
Heç nə tələb etmir o məndən düzü,
Yalnız məhəbbətdə, sevgidə gözü...
Bazarda alverdi məşğuliyyətim,
Yoxdu heç vətənə gəlmək niyyətim.
Bu üç yüz dolları yolladım sənə,
Qarqış tökməyəsən hər sabah mənə.
Kimi istəyirsən fırlan, gəz-dolan,
Uşaqlar sənin də övladın, balan.
İndi bildim mən də həyatın dadın,
Unut birdəfəlik Nicatın adın...
Səninçin varlığım yoxdu əbədi.
Bu fani dünyada unutmaq nədi?!

/Samir anasının yanına gəlir./

SAMİR
/heyrətlə/
Məktub atamdanmı, bir söylə barı?
Etmə ürəyimi boz qışın qarı.

SƏBA
/həm sevincək, həm həyəcanlı/
Atandandı məktub o atdı bizi,
Üzək o namərddən qoy əlimizi.
Ayrı bir sevdanın quludur atan,
Kişilər deyilmi, aləmi qatan?!

SAMİR
/ümidsiz/
Demək atdı bizi o alçaq daha,
Demək ümidimiz yoxdu sabaha?
Atasız ötəcək aylarımız da,
Qəlbi ovlayacaq vaylarımız da.

Qapı döyülür.
Samir qapıya tərəf gedir, qapını açır. Nabat otağa daxil olur.

NABAT
/maraqla/
De, o nə məktubdu əlində, ay qız?

SƏBA
/soyuqqanlı/
Nicat yazır, deyir deyilmiş yalqız,
Bir rus arvadıyla ailə qurub,
Yolumun üstündə, o, zalım durub...
Gəlmək fikiri də heç yoxdu bura,
Orda rus gözəli, eh, dura, dura...
Burda nə işi var Nicatın axı?
İndi belə edir kişilər çoxu.

NABAT
/şübhəli/
Sən də çox sevinib şad oldun buna?
Nicatın biqeyrət ər olduğuna?
Bəlkə sən də tapdın özünçün daha?
Onunçun son qoydun qüssəyə, aha?

SƏBA
/acıqlı/
Samirin yanında nə söylənirsən?!
Yoxsa səbirimlə de, əylənirsən?
Ayağın dəyməsin bir də bu evə!
Doğrayır içini əzəldən güvə...

/səsə Aygün, Elçin, Fuad gəlirlər. Nabat uşaqları görür./

NABAT
/hiylə ilə/
Uşaqlar, atıbdı atanız sizi,
Gedib Rusyətə itirib izi..
Ah, yazıq balalar, yazıq balalar!
Sizin üzünüzdə bir yetimlik var!
Ananız da yəqin ayrı həvəsdə,
Qaldı taleyiniz yaman qəfəsdə.

/uşaqlar ağlaşır, Səba qışqırır. Nabat gülə-gülə çıxıb gedir./

AYGÜN
/ağlar/
Ana, atma bizi yad bucaqlara,
Vurma könlümüzə bir də sən yara!

SƏBA
/başını əlləri arasına alır. başqa otağa keçir, pıçıltılarla/
Aman ah, İlahi, dadıma yet bir,
Vücudum önündə necə müqəssir?!
Məni tək ehtiyac eylədi əsir.
Dağıldı yuvamız, dağıldı hər şey,
Ürəyim sızlayan, ağlayan bir ney.
İndi hara atım mən uşaqları?
Ağlayır ürəyim hey zarı-zarı,
Camal da soyuyub məndən son zaman,
Didir parçalayır qəlbi ah, aman!
Atım uşaqları yetimxanaya?
Fələk də dərd verər zalım anaya.
Dağıldı, puç oldu bütün diləklər...
Tale həyatımı yaman ələklər!..

/başını əlləri arasına alır/
Pərdə çökür.

VI PƏRDƏ

12-ci şəkil

Səba artıq bir neçə gündür ki, uşaqları uşaq evinə vermiş, Samir də məktəbə get-mir. Küçə uşaqlarına qoşulmuş. Camalın Səba üçün aldığı ev. Camalla Səba yarım sərxoş vəziyyətdədir.

CAMAL
/eşqlə/
Ah, Səba, görürsən şərabın dadın?
Çıxır axırına qəmin, fəryadın.
Nabat yaman güdür bizi son zaman,
Gəzir ürəyində şübhələr yaman.
Bir ton çəkisi var, nə baxım ona?
Özü günahkardır kök olduğuna,
Doldurur qarnını hər səhər, axşam.

SƏBA
/pərişan və yarım sərxoş/
Çoxunun evində yox nahar, yox şam...
Belədir dünyanın işləri Camal,
Yalnız hiylə lazım nə ağıl, kamal?

CAMAL
Sələmlə qazandım mən bu pulları,
Yığdım, çin-çin yığdım hər gün dolları.
İndi maşınlarım, evim, pul-param,
Haram söyləyirlər, sələmi haram...
Kef edim, nə qədər sağam dünyada,
O biri dünyada qoy yanım oda.
Sənin Nicatın da, yəqin kef edir.

Ha, ha, ha uzun gülüşlər.

SƏBA
/kinayə ilə/
Bütün çətinliyi var, pul dəf edir.
Ailəsi təzə, bəxti də təzə,
Amandır, Allahım, gəlməsin gözə.

Ha, ha... gülür.
Bu an qapı döyülür. Camalla Səba çaşqın bir-birlərinə baxırlar. Camal qapıya sarı gedir, qapını açır, Nabat Samirlə içəri daxil olur. Samir anasını yarıçılpaq vəziyyətdə gö-rür.

SAMİR
/dəhşətlə/
İlahi, gözlərim kor olaydı, kor!
Sən ana deyilsən, nankorsan, nankor!

NABAT
/hiddətlə/
Gördün ki, ay oğul, yalan demədim,
İndi özün söylə bəs mən nə edim?
Ərim xaindirsə, anan faşiə!
Saldı namusunu o dilə-dişə,
Nə qonşuya baxdı, nədə ki, ara,
Vurdu ürəyimə sağalmaz yara!
Al bu tapançanı öldür onları,
Qurtarsın dünyadan murdar canları!..

/tapançanı Samirə verir./

SƏBA
/qorxu içində/
Yox, yox, Samir, balam rəhm eylə mənə,
Axı mən pis ana olmadım sənə?!.
Ehtiyac pozubdu bu həyatımı...
Büdrədib yollarda tale atımı.

CAMAL
/özünü itirmiş/
Samir, oğul, baxma sən bu Nabata,
Sən Allah, əlindən çıxartma xata,
Cavansan, qabaqda gələcəyin var,
Bizi, özünü də gəl eyləmə xar...

SAMİR
/Samir hiddətlə tapançadan atəş açır.../
Öl, öl, alçaq qadın, öl qutar daha?!
Bu şərəfsiz həyat mənə çox baha.

/Səba qan içində yıxılır./

Al, bu da səninki, al Camal dayı,
Sənin də sinənə bir güllə payı!..

NABAT
/qışqırır/
Yox onu öldürmə, o ki, kişidir,
Bu anan pozğunun, vallah, işidir...

/Nabat qaçır./

CAMAL
/yaralı, Samirin üstünə atılır və tapançanı ondan alır. Səba ilə Camal qan içində/
namus çəkənə bax, axmağın biri,
Səni doğrayaram mən diri-diri...

SAMİR
/hiddətlə/
Ləkəli namuslar yuyulur qanla,
Mənim savaşım var hələ dövranla!
Bir azdan polislər tökülüb gələr,
Əlim qandallanar, azadlıq ölər!
Fəqət, vicdanım və şərəfim təmiz,
İyrənc zamanəyə çökməyəcəm diz...

Nabat iki polislə otağa daxil olur. Polislər tapançanı Camaldan alır. Təcili yardım da gəlir və Camalla Səbanı aparırlar xəstəxanaya. Polislər Samirin qollarına qandal vurur-lar.

Pərdə çökür.

27-28.05.2000

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.