Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

 

BU NƏ QANLI FƏLAKƏTDİ?

Amerkada terror nəticəsində 11 sentyabr 2001-ci ildə
minlərlə ölənlərin, Türkiyədə və Azərbaycanda
terror qurbanlarının ruhuna!

Amerika, macəralar məmləkəti,
Duydunmu heç baş verəcək fəlakəti?
Bircə anda yerlə-yeksan göydələnlər...
Fəryad etdi qatlar altda o ölənlər!...
Qanlı terror boğur bütün Yer üzünü,
Öz-özünə yağı, bəşər, aç gözünü.
Sənin, mənim torpağımda qanlar axır...
Bu qəlbikor hökümdarlar hara baxır?!..

Qaranlıq göylərin üzündən qaçmış,
Səhər gözlərini təzəcə açmış,
Nyu-York şəhəri hələ yuxulu,
Titrək dodaqları bir şeh qoxulu.
Sonrakı dəhşətdən xəbərsiz şəhər,
Bilməyir nədir qəm, nədir heç qəhər.
O ensiz ticarət mərkəzi uca.
Bənzəyir yer üstə bəzəkli taca.
Yüz on mərtəbəli göydələnlər şah,
Göydən əl eyləyir yerə hər sabah.
Bu gün də axışır işçilər ora,
Ölüm də izləyir qarabaqara...
Birdən bir gurultu səsi ucaldı,
Hamı çaşbaş oldu, hamı mat qaldı.
İçi sərnişinlə dolu təyyarə,
Bilmədi nə Allah, nə də səyyarə.
Çırpdı göydələnin birinə özün,
Oldu para-para məhv etdi izin.
İkinci təyyarə şığıdı bu an,
Digər göydələnə çırpıldı yaman.
Şəhəri toz, duman fəryad bürüdü!...
Bütün Amerkanı ölüm sürüdü!...
O gün can götürüb min-min qaçanlar,
O gün dəhşətliydi necə də anlar.
Əkiz göydələnlər titrədi əsdi,
Ölüm qapısının üstünü kəsdi...
Yerlə yeksan oldu binalar uçdu!
Hansı hökmdarın boynunda suçdu
Bu tökülən qanlar, uçulan damlar?!
Terrorda günahsız ölən adamlar?
Şəhəri toz-duman sardı bircə an,
Ölən bədənlərdə həyat gəzdi can...
Qulaqlar tutuldu haray-həşirdən,
Yox oldu bir anda ekizlər birdən.
Qopdu qatlar altda inilti, fəryad,
Tanrı dad eylədi, dodaqlar imdad!
Həm xilas edilən, həm də edənlər,
Haraya, həşirə, aha gedənlər,
Etdilər canların əbədi fəda,
Kim yetə bildi ki, aha, imdada?
O gün Nyu-Yorkda iki göydələn,
Zirvəsi göylərin bağrını dələn,
Sanki olmamışdı heç bu şəhərdə!
Batdı bircə anda ahda, qəhərdə.
Dünyanın bağrını partlatdı bu dərd,
Bəşərmi, cahanmı, İlahi, namərd?!

Qaldı uçuqların altda insanlar...
Ahla bədənləri tərk etdi canlar!...
Böyük Amerkanı titrətdi bu yas,
Hökümdar söylədi, qisasa qisas!
Xalqı qarşısında and içən şahı,
Niyə düşündürmür xalqın sabahı?!
Siz qisas aldıqca qisaslar artır,
Hər sinə içində küdurət yatır!...

Ey qanlı terrora rəvac verənlər,
Qansızlar başına ey tac verənlər,
Etdiz millətləri əllərdə oyun,
Tökülən qanlardan bir barı, doyun!
Hansı şah bəslədi o terrorçunu?!
Dində aramayın hiylə suçunu.
Gedir siyasətə qurban millətlər,
Artır Yer üzündə hər gün zillətlər.
Niyə bu qatilə görə bir xalqın,
Əzirsiz ayaqlar altında haqqın?!
Niyə əfqan xalqı qırılmalıdı?
Bağrına ölüm, qan sarılmalıdı?
Kim o terrorçunu bəslədi bir vaxt?
Kim onu var ilə eylədi xoşbaxt?!
Rus imperiyası - Sovet bir zaman,
Qonuma-qonşuya vermədi aman.
Qan çanağı etdi Əfqanıstanı,
Məzara döndərdi o gülüstanı!
Deyirlər özgəyə qurulan tələ,
Yapışar bir zaman o quran ələ.
O qədər qan tökdü axırda özü,
Qanların içində kor oldu gözü!...
Qanlarla keçirtdi bir vaxt vaxtını,
Əbədi itirdi tacı-taxtını.
Sonra da ağladı qara baxtını!...

Üsəmə Bin Laden-kimdi bu adam?
O qandan, qırğından alır böylə kam?!
Kim ona vermişdi bu var-dövləti?
Hardandır bu qədər onun sərvəti?
Bir vaxtlar Amerka hey rusa qarşı,
Atırdı uzaqdan-uzağa daşı.
Sonra da Üsəmə əlinə keçdi,
Terrordan əyninə gizli don biçdi.
Şabaştək başına tökdü dolları,
Öyrədildi ona qırğın yolları...
Amerka hiyləylə Soveti yıxdı,
Dünyada ağalıq taxtına çıxdı.
Sonra da Bin Laden ağ oldu şaha,
Atdı ağasının özünü aha.
Böyük Amerkanı döndərdi qana,
Baxıb qəh-qəh çəkdi o bu divana.
Ağanın özünə ağ olan nökər,
Etdiyi cəzanın altını çəkər,
Ağa öz nökərin axtarır bu gün,
Qana döndərməkçin o qansız köksün.
Amerka dünyanı hey yamanlayır,
Bütün dövlətləri elə danlayır.
Başına pul qoyub o Bin Ladenin,
Söyür dönə-dönə uzunun, enin.
İslamın boynuna yıxılır günah,
Hər gün yamanlanır müsəlman, Allah.
Yoxdu siyasətin dini, imanı,
Hiylədi, fitnədi, şərdi zamanı.
Odur, qan gətirən hər məmləkətə,
Salan bu dünyanı hey fəlakətə.

Pe-Ka-Ka yaratdı Rusiya bir vaxt,
Guya ki, kürdləri etməkçin xoşbaxt,
Türkiyəyə qarşı ruslar Aponun,
Əyninə biçdilər o terror donun,
Onu pul-parayla təmin etdilər,
Hər cür təminatla əmin etdilər.
Sağına, soluna keçdilər elə,
Cibinə pul axdı belədən-belə.
Apo diz çökməyən çox kürd qardaşın,
Evinin içində vururdu başın.
O kürd kəndlərini xaraba qoydu,
Nə bircə kənd-kəsək, nə oba qoydu.
Axdı Türkiyədə qan su yerinə,
Ağalar getmədi onda dərinə?!
Tutdular Aponu türklər bir zaman,
O saat dünyada qopdu ah, aman.
Türkiyə, Aponu öldürmək olmaz,
Cahanı özünə güldürmək olmaz.
Orta əsirlərmi sən qan tökürsən?!
Bəs niyə de haqqı dara çəkirsən?!
Terrorçu demədi heç kəs Apoya,
Çünki türk xalqını salmışdı vaya.
Türk də, müsəlmandı, kürd də müsəlman.
Qoy boğsun onları bu tökülən qan!...

Bəşəri bölüblər iki hissəyə,
Bir qism xalq bənzər qızıl kisəyə.
Bir qism xalq isə qəpik-quruşdu,
Evində savaşdı, qandı, vuruşdu...!
Heç millət kimi də sayılmır onlar,
Axır yurdlarında elə hey qanlar...
Bir zaman xitabət kürsündən ah!
Jirinovski qatil işlədi günah.
Yer kürrəsində türk qalmasa əgər,
Bəşərin köksünə nə zərbə dəyər?!
Alimmi, cahilmi bilməm bu adam?
Haqdan deyə-deyə haqq edir edam!...
O vaxt hamı susdu onun üzünə,
Etiraz etmədi qanlı sözünə.
Türkün dünyasına ünvanlamışdı,
Çünki türk xalqını yamanlamışdı.
Xitabət önündə Makaşov elə,
Jit dedi yəhudi xalqına belə.
Millət vəkilləri haray saldılar,
Tənqid elədilər, zəfər çaldılar.
Nə qədər olmasa türkin birliyi,
Artacaq gün-gündən hey səbirliyi,
Qalacaq yağılar əldə dirliyi...

Bu gün Azərbaycan terrora qurban,
Ağalar sus deyir, olmaz qana qan!
Asala işğalçı terror yuvası,
Erməni cəlladın dildə duası.
Elə hey ağlayır bütün dünyada,
Varlı ağaları çağırır dada.
Deyir bu dünyada bir xalqıq yazıq,
Cahan nə boydadı biz isə azıq.
Sizlərə xaçpərəst qardaşıq axı,
Din birsə, deməli sirdaşıq axı!
Azərbaycanlı kim, baş kəsən bir xalq?
Yalnız bizə tərəf olmalıdı haqq.
Daşnak qan utdurdu yurda, gülzara,
Millət şəhidlərin əkdi məzara.
Hələ qardaşımız İranın özü,
Görmək istəmədi qanları gözü.
Erməni cəllada qolların açdı,
Dükanın, bazarın, yolların açdı.
Unutdu islamı o, dinimizi,
Satdı erməniyə bəs niyə bizi?!..
Çünki istiqlalı istəmir o da,
Siyasət dinləri hey atır oda...!
Düz on iki ildi susubdu dünya,
Haqqı boğazından asıbdı dünya.
Bu başıbəlalı Azərbaycanın,
Terrorla aldılar neçə il canın!
Metroda, maşında, qatarda terror,
Qoydu vertalyotu hey darda terror.
Böyük təyyarədə, gəmidə terror,
Evdə, bağ-bağçada, zəmidə terror.
Asala, Sadvala öyrətdi terror...
Bütün Yer üzünü göynətdi terror!
Dili açılmadı o vaxt şahların,
Üstünü örtdülər bu günahların!
Qarabağ terrorun əlində əsir,
Bizim dilimizi ağalar kəsir.
Deyir dözməlisiz bu zülümlərə,
Vətən bölünsə də hey dilimlərə!
Daşnak erməniylə dil tapın, barı,
Siz dözümlü xalqsız gözləyin arı.
Unudun şəhidi, itgini, qanı,
Vətən nə, qoruyun bir quru canı?!

Amerka dünyaya hay salıb bu gün,
Deyir dağılmalı, Üsəmə köksün!
Bütün dövlətləri dada səsləyir,
Ürəkdə fil boyda bir kin bəsləyir.
Fəlakət, binalar uçulub orda!
İşğalda inləyir vətənim burda,
Sən mənim dərdimə soyuqqanlısan,
Öz müsibətinə ayıqqanlısan.
Mənim yaralarım bitişmib hələ,
Sən də dağ çəkirsən belədən belə.
Edirsən erməni tərəfə meyl,
Deyirsən daşnaka terrorçu deyil.
O gün Amerkada ölənlərə mən,
Rəhmət diləyirəm hey cani-dildən.
Ruhları şad olsun Tanrı yanında,
Qanunu haqq desin bu dövranın da.
Qoy bütün cahanda terrora ölüm!
Bitsin bu həqarət, bitsin bu zülüm.
Minillik dinimə xor baxılmasın,
İslamın üstünə şər yaxılmasın.
Axmasın boş yerə qanlar dünyada,
Ey, bəşər, qanlardan bizə nə fayda?!
Allah özü yetsin naləyə, haya,
Vaya salanları yetirsin vaya!
Budur İlahidən təkcə diləyim,
Bu eşqlə sinəmdə vurur ürəyim!...

29.10.2001. Neft Daşları

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.