HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ
Heç olmadı bir xoş günümüz, ay bahalanma,
Aldı başımız üstünü ah-vay, bahalanma.
Çoxları tökür başına şabaş təki pulu,
Bir bilməyirlər nədir o say, bahalanma.
Qəpik-quruşa meylimizi etmişik pənah,
Gözdə yaşımız olmadadı çay, bahalanma.
Bizlər də axı bu Vətənin övladı olduq,
Harayımıza kimsə demir hay, bahalanma.
Yaşayış pulu, işıq pulu, qaz pulu artar,
Başımızı bir dürtməyə yox tay, bahalanma.
Dediklərimə inamını etmirsən rəva,
Onda dur özün dərdimizi say, bahalanma.
Heç andıra qalmış nöyütdən görmədik səfa,
İçlərdəki ahlarımızı yay, bahalanma.
Üzdə gülüşə olmayacaqdır daha hacət,
Dolaşıq olub bizlərə gün-ay, bahalanma.
Vətən əhli dükan-bazarı eyləyir seyir,
Borclar da edib günümüzü zay, bahalanma
İndi daha səhər bizə lazım deyil əsla,
Deyək bütün yatmışlara lay-lay, bahalanma.
Bu Şadimanın dilinə dinc durmağı dedim,
Töhmətləri etdi mənə çox pay, bahalanma.
17.12.2013
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.