Вы просматриваете: Главная > Şeirlər > SİYASƏTDİ, SİYASƏT

SİYASƏTDİ, SİYASƏT

SİYASƏTDİ, SİYASƏT

Cahanda hey mərəkə,
Ev-ev gəzir səksəkə,
Qeyzlənir hər ölkə,
Qırğınlar alır vüsət,
Siyasətdi, siyasət.

Nə qədər ölüm, qada,
Sakitlik yox dünyada,
Gedir vicdanlar bada,
İndi ən yaxşı sənət,
Siyasətdi, siyasət.

Dinlər əldə oyuncaq
Söndürülür çox ocaq,
Qan içində hər bucaq,
Artır ilbəil zillət,
Siyasətdi, siyasət.

Hökümdarlar dilləşir,
İmanla kin əlləşir,
Axan qanlar selləşir,
Düşür araya həşir,
Yalançı hörmət, izzət,
Siyasətdi, siyasət.

Ölkələr ağlaşırlar,
Ələmə bağlaşırlar,
Dərd olub dağlaşırlar,
Əzir milləti millət,
Siyasətdi, siyasət.

Böyük xalqlar ağadır,
Kiçik xalqlar çağadır,
Qartala şah qarğadır,
Yaxşılıqda hər niyyət,
Siyasətdi, siyasət.

Qanunların hər üzü,
Yatmayır gecə gözü,
Çalxalanır Yer üzü…
Sabahımız ya qismət,
Siyasətdi, siyasət.

Savaş bəşərin dəbi,
Artdıqca artır təbi,
Kimdə qırğının həbi?!
Yəhudiylə ərəbi
Yağı edən qiyamət,
Siyasətdi, siyasət.

Fələstində qan axır,
Hökmdarlar yan baxır,
Əfqanıstanı yıxır,
Ölüm, zülüm və illət
Siyasətdi, siyasət.

Çeçenlər qara bağlar,
Ürəyi yara bağlar,
Bu dünya qalıb ağlar!
Hər şahda şaha hörmət
Siyasətdi, siyasət.

Balkanlar həzar edər,
Sinəsi ah-zar edər,
Evini məzar edər…
Orda qanlı müsibət
Siyasətdi, siyasət.

Qarabağ qara bağrı,
Kəsir bizi bu ağrı,
İblisin sözü doğru,
Haqqı ediblər oğru!
Allaha da itaət,
Siyasətdi, siyasət.

Var İsada bir dua
Qılmırsan cana rəva,
Etmə özgəyə dəva!
Kökümüz Adəm, Həvva,
Əlinizdə ibadət
Siyasətdi, siyasət.

Milli qırğınlar daşır,
İblis, şeytan ulaşır,
Zülümlər başdan aşır,
Bütün dünya savaşır…!
Edilib qana adət,
Siyasətdi, siyasət.

Dolubdu səbrin qabı,
Göyün, Yerin yox tabı,
Allahın hər kitabı
Bəşərin haqq-hesabı!…
Tanrıya da xəyanət
Siyasətdi, siyasət.

Fitnə-fe‘ldən həzar,
Rəbbim bir ömür yazar,
Bizdən sonra dar məzar,
O da dünyaya azar,
Bunu duymaq da, əlbət
Siyasətdi, siyasət.

Ağalar dingildəyir,
Qədəhlər cingildəyir,
Tulalar zingildəyir,
Şər yolu edilib qət,
Siyasətdi, siyasət.

Ey Şadiman, etmə qəm,
Ömür bəxtə düşən dəm,
Eyləmə nəş‘əni kəm,
Dünya gözündəki, nəm
Şah qədəhində şərbət…
Siyasətdi, siyasət.
Siyasətdi, siyasət.

31.10.2001.
Şirin xanım Kərimbəyli Şadiman

Bir cavab yazın