Вы просматриваете: Главная > Şeirlər > BAXA BİLMİRƏM

BAXA BİLMİRƏM

BAXA BİLMİRƏM

Mən ürəyimdə tufan dunyanın haqq səsiyəm,
Bütün Yer kürəsinin yanıqlı naləsiyəm,
Taleyimin əlində həyat piyaləsiyəm,
Düşüb bir gün torpağa parça-parça olacam,
Cahanın bağırında fəryad təki qalacam.

Yenə də duyğularım köpürür sellər təki,
Könlüm elə ağlayır yanıqlı dillər təki,
Sinə içində atəş bozarıb küllər təki,
Ayrıla bilmirəm heç bu sevda yuxusundan,
Daha sevə bilmirəm həsrətin qorxusundan…

Məndə atəşi boldu gur yanan ocaqların,
Bağrımda laylası var ötüb keçən çağların,
Divanəsi olmuşam bu ürəyim ağların!
Xəyallarım öcəşir sevda dənizlərində,
Anlarım itir-batır həyatın izlərində.

Kainatın köksündə qovruluram kürrə tək,
Vurnuxuram dəryada yolun azmış bərə tək,
Göyün bağrından qopub düşdüm yerə zərrə tək,
Odur ki, çırpınıram Göylə Yer arasında,
Göydə ulduzum parlar ulduzlar sırasında…

Mən boş yerə qələmi könlə əsir etmədim,
İlhamın qapısına qəlb coşmasa getmədim,
Doğulub haqq aradım, əfsus haqqa yetmədim,
Duyğularım qartal tək qayanı yuva edər,
Dil könlümün eşqinə Allaha dua edər.

Bir həqiqət quşuyam həyatın bağçasında,
Diləklərim şan-şandır bu könül boğçasında,
Qopub ürəyim təndən qalıb can taxçasında,
Min illik bir palıdam tufanlara dözürəm,
Dəryaların dibində bir qəvvasam üzürəm.

Siz məni aramayın adamların içində,
Hiylə, fitnə, qəm dolu bu damların içində,
Min cürə ləzzət alan bu kamların içində,
Bir gecəlik işığı bu şamların içində
Titrədir vücudumu ürəyimin nərəsi,
Qəlbi özüylə bahəm fırladır Yer kürrəsi.

Dolub bağrım içinə Yerin, Göyün atəşi,
Sinəmin alovları ram eyləyir Günəşi,
Tapmayır məzarını heç fəraqımın nəşi,
Boğulubdu zülmlər zamanın göz yaşında!
Cahanın acıları ürəyimin başında.

Şadiman ki, dünyadan elə-belə keçmədi,
Duyğu çeşmələrindən boş yerə su içmədi,
Bu ilham da səbəbsiz ürəyimi seçmədi,
İlahinin hökmündən çıxa bilmirəm neylim?
Bu dünyaya hamı tək baxa bilmirəm neylim?
Şirin Xanım Kərimbəyli Şadiman

Bir cavab yazın