BU DÜNYA
Allahım, necə də əzabı sonsuz,
İçimdən asılan yükdü bu dünya.
Kiminə min donlu, kiminə donsuz,
Kökündən qırılan tükdü bu dünya.
Dərya ümidlərin sükanı da o,
Vallah, alqı-satqı dükanı da o,
Cənnət, cəhənnəmin məkanı da o,
Doğduğun məzara əkdi bu dünya.
Milçək tək bir-birin bəndə qıranda,
Naləsi göylərin bağrın yaranda,
Haqq imdada gəlib özün vuranda,
Hönkürüb sinələr sökdü bu dünya.
Fitnəyə, fəsada bulananda yer,
İnsan cəsədiylə qalananda yer,
Şəhidlər qanıyla sulananda yer,
Gözündən gurşadlar tökdü bu dünya.
Ey Tanrım, əyilən bir simə bənddi,
Məzara dönməkçin bir himə bənddi,
Bilinmir harada kim-kimə bənddi…?
İblislər önündə çökdü bu dünya.
Şadiman, zamanın kəndiri uzun,
Hər metir ölçüsü bu boynumuzun,
Hesabı çəkilən hər oynumuzun…
Özüylə qəm yükün çəkdi bu dünya!
26.10.1997
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.