Вы просматриваете: Главная > Məqalələr > ÖTƏNLƏRƏ BİR NƏZƏR

ÖTƏNLƏRƏ BİR NƏZƏR

ÖTƏNLƏRƏ BİR NƏZƏR
(TƏZƏ ÇAPDAN ÇIXMIŞ «ÖTƏNLƏRDƏN GƏLƏN SƏSLƏR-2»KİTABIMA ÖN SÖZ ƏVƏZİ)

Zaman yerində dayanmır, o, hərəkətdədir. İnsan nə edirsə yaxşı, ya pis ömür səhifələrinə yazılır. Bunu isə yaddaş edir, şüurun bizi idarə etdiyi yaddaş… Hələ uşaq vaxtlarımdan, kitabla, mütaliə ilə maraqlanandan evimizdə Ömər Xəyyamın, Məhsəti Gəncəvinin rübai kitabları əlimdən düşməzdi. Daha doğrusu, kəndimizdəki 8-illik məktəbin açılmasının səbəbkarı, məktəbin direktoru, ədəbiyyat müəllimi rəhmətlik Sabir dayım olmuşdu. Onun şəxsi kitabxanasından, o kitabları özüm əldə etmişdim. O, bərk-bərk, rəhmətlik nənəm Xanımanaya tapışırardı ki, bu qızı evə buraxma, buraxsan da nəzarət et, deyəsən, o, mənim kitablarımı oğurlayır. Mən ilk şeirimi 6-cı sinifdə yazmışam. Bir zaman uşaqlıq dövrümüzdə televiziya səhərdən axşama qədər amerkalı zənci qadın Anjela Devisdən bəhs edirdi. Mən də ondan təsirlənib bir sovet uşağı kimi belə şeir yazmışdım:

Amerkada bir zənci var,
Onun adı Anjeladır.
O qəhrəman, cəsur qızın
Qollarında qandal vardır.

Şeir bir neçə bənd idi, amma yaddaşıma yalnız bir bəndi həkk olunub. O zaman bu şeiri heç yerə yazmamışdım. Bilmirəm, rübai ustadlarının təsirindənmi, ya mənim şeriyyətdə ilk addımlarım atmağımdanmı, dördlük məni daha çox ram etmişdi. İlk qələm təcrübəm də dördlüklərdən ibarət idi. Dördlüklər əsasən orta məktəbin son illərini və tələbəlik dövrünü əhatə edir. O zaman bu könül duyğularımı yazıya alanda nə zamansa kitab şəkilində çap olunacağını təsəvvürümə belə gətirməzdim. Kim deyərdi ki, bizim yaşadığımız qurluş dağılacaq, biz müstəqil olacağıq, insan öz beyin məhsulunu araya-ərsəyə gətirməyə nail olacaq. Əlbəttə ki, burda maddiyyat da öz işini görür, o nöqteyi-nəzərdən həyat yoldaşım Abdulov Əliyə minnətdaram. Elə o illərin şeirlərinin də kitab halında çap olunmasının səbəkarı odur. Keçən əsrin 70-ci illərində yazdığım şeirlərin bir neçəsi çapdan çıxmış kitablarımda özünə yer almışdı. Şair-publisist Əli Rza Xələfli haqqımda «Adı Şadiman olanın…» kitabını yazanda, kitablarımda yayınlanmış o illərin bir neçə şeirinə şübhə ilə yanaşması bizim bu şeirləri kitab halında çap etməyə vadar etdi. Kitabın birinci hissəsi «Ötənlərdən gələn səslər» adıyla 2013-cü ildə 632 səhifə ilə artıq çapdan çıxıb. Çox ağır zəhmət bahasına ötən illərin tarixinə çevrilmiş arxivimi çək-çevir etdim. Şükür Allaha ki, artıq ikinci hissəsi də çapa hazırdır. İkinci hissədə mindən yuxarı dördlüklər, qəzəllər, bayatılar, ilahi, dünya vətən, ilham, sevgi şeirləri toplunun qayəsini təşkil edir. İndi mən tam əminliklə deyə bilərəm ki, yeniyetməlik və gənclik dövüründə yazdığım şeirlər həyata vəsiqə aldı. Yaxın zamanda «Ötənlərdən gələn səslər» kitabımın ikinci hissəsi də dəyərli oxucuların ixtiyarında olacaq.
Hörmətlə: Müəllif. 27.04.2014. Pirallahı

ÖTƏNLƏRDƏN GƏLƏN SƏSLƏR

Ürəyimi dəlib keçdiz.
Axan qanın sutək içdiz,
Gəlib, yenə canı seçdiz,
Hər sədanız xoş nəfəslər,
Ötənlərdən gələn səslər.

Sizi yaddan çıxartmadım,
Üstünüzdə gəzdi adım,
Ömür ötdü addım-addım,
Avazınız xəyal bəslər,
Ötənlərdən gələn səslər.

Sizi sevdim duyğu kimi,
Keçmişimə sayğı kimi,
Boylanırsız qayğı kimi,
Xatiratlar min bir kəslər,
Ötənlərdən gələn səslər.

Misraların boyu olduz,
Günlərimin sayı olduz,
Xəyalımdan keçən yolduz,
Dərdə salıb can qəfəslər,
Ötənlərdən gələn səslər.

Şadimanın qələmi var,
Kağızlartək aləmi var,
Vərəqlərdə etmin ah-zar,
Demin, dünya boş həvəslər,
Ötənlərdən gələn səslər.
Ötənlərdən gələn səslər.
05.04.2012

Şirin Xanım Kərimbəyli Şadiman