Вы просматриваете: Главная > Şeirlər > MƏZHƏB ACISINDAN QOP, AY MÜSƏLMAN

MƏZHƏB ACISINDAN QOP, AY MÜSƏLMAN

MƏZHƏB ACISINDAN QOP, AY MÜSƏLMAN

Ya Rəsulum! Şübhəsiz ki, sənin firqə-firqə olub
dinini parçalayanlarla heç bir əlaqən yoxdur.
Onların işi Allaha qalmışdır. Allah sonra
(qiyamətdə) onlara nə etdiklərini xəbər
verəcəkdir!
Quran, 6 Surə, 159-cu ayə

Haqqına qurtuluş tap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Müsəlman elləri qanlar içində,
Ağrılar taxt qurub canlar içində,
Dilləri hıçqırır niyə-neçində.
Özün bu sitəmdən sap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Bizə hava təki birlik gərəksə,
Haqqın varlığına inam dirəksə,
Qurana səcdəyə gələn ürəksə…
Birliyə pak qala yap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Allah sevdalılar bir-birin qırır,
Xaça inanclılar bizə tor qurur,
Min bir hiyləsiylə arxadan vurur…
Bizi yerə soxur lap ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Yalnız xilasımız birliyə bağlı,
Hissi yox, qaldıraq ayağa ağlı,
İslam ölkələri lal, qolubağlı,
Aslan ol, şərini qap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Məhəmməd də bizim, Əli də bizim,
Qurbanam imana, paklığa özüm,
Türkə, kürdə, farsa, ərəbə çözüm…
Min iman atına çap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Baxın, ölkə-ölkə oda düşmüşük,
Sanki bir-birinə qada düşmüşük,
Avropada belə yada düşmüşük?!
Onların sevgisi gop, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Bizi təkləyərək, dənləyəcəklər,
Bir olub birləşsək, inləyəcəklər,
Bizi də insantək dinləyəcəklər!
Şəri hissə-hissə çap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Gör başın üstündə gəzən qadanı,
Burax bir-birinə çürük ədanı,
Birlik ilə başla qəlbə sevdanı,
İltifat qırılan sap, ey müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Bu necə Qurana, imana sevgi?
Rəbbin göndərdiyi fərmana sevgi?
Gəlib qırğınlardan dərmana sevgi,
Olub ayaqlara top, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.

Şadiman bu dərdi vərəqə saldı,
Bizim ağlımızı yağılar çaldı,
Qapımız ağzını gəlib şər aldı,
Dərdimiz kağızda çap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Məzhəb acısından qop, ay müsəlman.
03.02.2012

Şirin xanım Kərimbəyli Şadiman

Bir cavab yazın