İSTİQLALIN SORAĞI
İstiqlalımızın Öndəri Məmməd Əmin Rəsulzadəyə…
Azərbaycan davasıyla gəzdin ölkəbəölkə,
Hər cür ağrı-acılara dözdün ölkəbəölkə,
Pak bağrını əzablarla üzdün ölkəbəölkə,
İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin,
Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.
Ey millətin fədaisi, ey başı uca öndər,
Köləliyə usyan dedin, düşdün yurddan dərbədər,
Yaratdığın cumhüriyyət sanma ki, oldu hədər,
Könlümüzün şərəf dolu havası Məmməd Əmin,
O himn ki, dilimizin duası, Məmməd Əmin.
O üç rəngli ay – ulduzun başımızın üstündə,
Ucalacaq bu torpaqda heykəlin də, büstün də,
Keçdin hər cür qan-qadadan bu Vətənin üstündə!…
Mirvari ki, parlaq olar sədəflə, Məmməd Əmin,
Taprixlərə düşdü adın şərəflə, Məmməd Əmin.
Ey taleyi məhkum olmuş Məmləkətin övladı,
Avropada aha döndü dilinin haqq fəryadı,
Sən qorudun kişiliylə o müqəddəs, pak adı,
Qürbətlərdə Vətən dedin, alışdın, Məmməd Əmin,
Bağrımızın atəşinə qarışdın Məmməd Əmin.
O qurduğun istiqlalın havası başımızda,
Çəkdiyimiz sitəmlərin ahı göz yaşımızda,
Kölə olduq, qana batdı hər zərrə daşımız da,
Öldü min bir savaşlarda bacı, qardaşımız da,
Əsirliyi dada-dada qul olduq, Məmməd Əmin,
Selə düşmüş çay daşıtək oyulduq, Məmməd Əmin.
Əyilmədin, qul olmadın yağılara heç zaman,
Qulpərəstlər təki, Öndər, diləmədin ah-aman,
İman əhli olanları tərk eləyərmi iman?
Ey imanı kamil başçı, yağı hiyləsi yaman,
Didərginlik fəraqına tuş oldun, Məmməd Əmin,
İstiqlalın mayakıtək faş oldun, Məmməd Əmin.
Azərbaycan istiqbalın dünyaya e’lan etdin,
Dağıtdılar amalını sonadək nalan etdin,
Üçrəngli pak bayrağı, himnini balan etdin,
Iyirmi üç ay hürr tarixin o könül qalan etdin,
Qəlbimizin səmasında Günəşsən, Məmməd Əmin,
Azadlığın ocağına atəşsən, Məmməd Əmin.
O qurduğun cumhüriyyət yenidən ucalıbdı,
Sevmədiyin köləliyə millət zəfər çalıbdı,
Başıbəlalı məmləkət öz haqqını alıbdı,
Adın, ey ulu Öndərim, tarixlərdə qalıbdı,
Ruhun azad uça bilər Vətəndə, Məmməd Əmin,
Pak olur qəlbdə hüriyyət bitəndə, Məmməd Əmin.
Səni tarix yaşadacaq böyük əməllərinlə,
İstiqlal yoldaşlarınla hürr qurdun əllərinlə,
Qaldın tarix səhnəsində üsyankar illərinlə,
Ürəyində yara açdı dərd kölə ellərinlə,
Məzarın türk torpağında qalıbdı, Məmməd Əmin,
Ruhun ana Vətəndə yurd salıbdı, Məmməd Əmin.
Novxanıdan qanadlandın istiqlal səmasına,
Könlümüzdə bir ocaq var o günəş təmasına,
Tuş olubdu çox diləklər taleyin əmmasına…
İlahi də imza qoyub köləliyin yasına,
Əsir olmuş torpağımız alına, Məmməd Əmin,
Şanlı Himn qul Şuşada çalına, Məmməd Əmin…
Bu Şadiman, ey Öndərim, istiqlala can deyir,
Öz qanını azadlığın yolunda qurban deyir,
Sənə arxa çevirənə savaş deyir, qan deyir!
Yumruq boyda ürəyinə haqq yolunda yan deyir!
Bayrağımın, himnimin çırağı, Məmməd Əmin,
İstiqlalın on səkkizdən sorağı, Məmməd Əmin!…
21.01.2002
Şirin xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.