SƏNƏ DİLƏKÇƏ YAZIRAM
Sənə diləkçə yazıram,
Fikirimdə lap azıram.
Əhvalını sormaq üçün,
Görüm səsin gəlmir neçin?
Unutdunmu görən məni,
Hansı iş-güc yorub səni?
Xəyalına gəlirəmi?
Dərdi sənlə bölürəmi?
Yuxuların azırmı heç?
Mənə məktub yazırmı heç?
Qəlbin yenə göylərdəmi?
Dodaqların meylərdəmi?
Hicranına verə qəmi,
Unutdunmu ötən dəmi?
Güllü-çiçəkli bağımız,
O sevdalı xoş çağımız,
Gözlərinə görünürmü?
Xatirələr sürünürmü?
Ötənlərin sorağına,
Yazırmı eşq varağına?
Bu ağlayan çağlarımı,
Çəkdiyin qəm dağlarımı…
Ürəyindən keçirəmmi?
Gözlərinə köçürəmmi?
Aramızda qalın divar,
Qovuşmağa məsafə var.
Məsafəni addıma qoş,
Xəyalımın eşqiylə coş.
Qanad açan quşlar təki,
Gözdən qopan yaşlar təki,
Könlü götür yanıma gəl,
Qop ruhundan canıma gəl.
Diləkçəm eşq sorağında,
Göyərçinin ayağında.
Sərhədlərdən qaçıb gəlir,
Sənə sarı uçub gəlir.
Çıx eyvana boylan hərdən,
Qutar məni dərdi-sərdən.
Diləkçəm xoş barat məndən,
Cavab gözlər könlüm səndən…
11.02.2012
Şirin xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.