BIR TANRI VAR…

Qırılarkən taleyinin ömür sapı,
Ruhun çıxıb ayrılacaq bədənindən.
Bir Tanrı var, bir körpü var, bir də qapı,
Tamahın da çapılacaq gödənindən.

Ilahinin hüzuruna yetişməkçin,
Haqlayacaq ayağını o dar körpü.
O dünyada əzabların bitişməkçin,
Ürəyindən alınacaq hikkə köpü.

O körpüdən keçə bilsə ayaqların,
Sanarsan ki, dar qapıya çatdm daha.
Bədənində titrəyərsə dayaqların,
Ruhun yetməz o dünyada heç Allaha.

Yetsən əgər o qıfıllı göy qapıya,
Onu açmaq məqamına haqqın yetər.
Çatsan, tələs ikiəlli döy qapıya…
Açılmasa, ahın ərşin bağrın ütər.

O qapıdan yetə bilsən dərgahına,
Elə bilmə ruhuna o sığal çəkər.
Hansı üzlə gedəcəksən Allahına?
Ruhun özü qoşqusundan çıxmış təkər.

Ürəyini haqq dərgaha qoyacaqsan,
Cavabını suallarla yoracaqlar.
Çıxan canı əzablarla oyacaqsan,
Əməlləri birər-birər soracaqlar…

Günah bolsa, dərdin aşıb dağ olacaq,
Hesabları çəkiləcək o başının.
Sanki bədən ölməmiştək sağ olacaq,
Qulu olar bəbəklərin göz yaşının.

Orda rüşvət, orda dayı olmayacaq,
Orda kimsə, bir-kimsəni vurmayacaq.
Orda ciblər haram pulla dolmayacaq,
Kimsə kimin arxasında durmayacaq.

Orda bəşər öz haqqına çatacaqdı,
Fərqi yoxdu hansı dində doğulacaq.
Təmiz ruhun təndən ayrı yatacaqdı,
Orda hikkə, orda tamah dağılacaq.

Ey insanlıq mərtəbəsin unudanlar!
Ağır olur o dünyanm tarpa-tapı…
Zalımların əllərində qan udanlar!
Bir Tanrı var, bir körpü var, bir də qapı!.