TORPAQ (AXIR) ÇƏRŞƏNBƏ

Ömrümüzün uşaqlıq və gənclik illəri SSRİ adlan və əslində SSRi-i donunda Rusiyanın hökmaranlığı dövründə keçib gedib.Rus dövləti bizə bu bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd etməyi qadağan etmişdi. Heyhat, bizlər Novruz bayramını ən əziz bayram kimi qarşılayırdıq, sanki damarlarımızda cövlan edən qana işləmişdi bu bayram! Hər çərşənbədə tonqallar qalanardı, şamlar yandırılardı, axır çərşənbədə təzə paltarlar geyinilərdi, evlər başdan-başa təmizlənərdi, Novruzu dövlət keçirməsə də biz bu bayramı özümüz necə lazımdı təmtəraqlı keçirdərdik…Ən önəmlisi isə bizə hamıdan əziz olan ata-analarımız sağ idi və başımıza pərvanə kimi dolanırdı…indi isə möhvumat dərəsinə yuvarlanan bəziləri bu bayramı haram sayır…Xoş gəlmisən mənim atalı-analı günlərimin Axır çərşənbəsi, səni necə sevməyə bilərəm???

Ruhumun içindən boylanır yenə,
Şövqlə ürəyimi basır köksünə,
Eşqini sel təki qucaqlar sinə,
Oduyla könlümü yaxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!

Ey güldən, çiçəkdən müjdəli xatın,
Bahar sevdasına bağlı həyatın,
Möcüzə boğçası sən kainatın,
Qapı-pəncərədən baxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!

Torpağın dirilik sorağı səndə,
Yerlərin, göylərin marağı səndə,
Günəşin gur tonqal çırağı səndə,
Qəlbimdə şimşəktək çaxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!

Şaxta dizin bükər düşər üz üstə,
Tonqallar qalanar, yanar köz üstə,
Şamları düzülər xonçalar üstə,
Torpağı dirildib çıxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!

Bütün kin-küdurət əriyib gedir,
Yellər qış-sazağı sürüyüb gedir,
Quşların sədası yaza eşq edir,
Dərdi künc-bucağa sıxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!

Dur gəl Şadimanın ruhuyla oyna,
Dolaş qəlb evində eşqiylə qayna,
Torpağın bağrından boylanan ayna,
Misrama şamların taxır çərşənbə,
Novruzun gözəli Axır çərşənbə!
14.03.2017