MÜHARİBƏ, ZALIMLARIN SAVAŞI

Müharibə –
zalımların savaşı,
məzlumların göz yaşı…
qırılan ümidlər,
sönən çıraqlar…
dağılan yuvalar…
Yapışdığı kürsüdən əl çəkməyən sarsaqlar,
Ağıldan axsaqlar,
dünyanı dolayıb barmaqlarına,
kütləni salar ayaqlarına.
Sərvəti yığdıqca yığarlar,
Milyonların istəkini beşiyində boğarlar,
Güya hansısa dövlətə günəş kimi doğarlar.
İddiaları özlərindən böyük,
özləri bu dünyaya yük…
Dünya xəritəsini tez-tez cızarlar,
Hər dövlətə bir bəxt yazarlar…
bəxtin qarası, ağı olar…
Bəzən bütöv bir xalqa sinə dağı olar…
İlahi, dünyanı axsaq başlardan qoru,
Tapmayıram müharibə adlı dəhşətə soru…
O, zalımların savaşı,
Məzlumların göz yaşı…
İranda baş verənlər ürəyimi parçalayır,
Fikirlərimi haçalayır.
Axı orda bizim Güneyimiz var,
Axı biz çıxmasaq, kim çıxar onlara havar?!
40 milyonluq Güney ağrısı çöküb ürəyimə,
Yalvarıram fələyimə
onları bizə qovuşdur,
Başlarından bu bəlanı sovuşdur…
doğmaların acısına dözmək olmur,
Soy, kök sevgisini ürəkdən üzmək olmur…
Gecəmin ağrısına bükülüb qalmışam,
Ağırlığıyla üstümə çöküb axşam…
İlahi, bitsin zalımların savaşı,
axmasın məzlumların göz yaşı…
01.03.2026