Вы просматриваете: Главная > Şeirlər > TÖKDÜ ATƏŞİ QƏLBƏ

TÖKDÜ ATƏŞİ QƏLBƏ

TÖKDÜ ATƏŞİ QƏLBƏ

Dan ulduzu son dəfə parladı söndü,
Gecə köçünü yığıb evinə döndü.
Sübh atıldı yuxudan qəfil oyandı,
Doğdu günəş, səmalar parladı, yandı.
Göylər ağ örtüyünü çəkdi başına,
Səf buludlar büründü zər qumaşına.
Asimanlar titrədi, yellər oynadı,
Ürəyimin içində tellər oynadı.
Fələyin gözlərindən töküldü şehlər,
Üşütdü can evimi şux, nazlı mehlər.
O nazəndə səhərin gəldi vüsalı,
Yerlərin və göylərin xoş oldu halı.
Hər budağın üstündə bir yarpaq açdı,
Havalanıb ilhamım yanına qaçdı.
Eyvanda yuvasını qurdu qaranquş,
Munis oldu könlümə bir köçəri quş.
Mələksima təbiət mənə seyr oldu,
Tökdü atəşi qəlbə, o da şeir oldu.
02.03.2003