İlahi, mən ah içində bu dünyanı neylərəm?!
Göz yaşına düçar olan təndə canı neylərəm?!
Həyat eşqi tükəndikcə, artır hər gün mərəzlər,
Bir-birinə yağı olan pis insanı neylərəm?!
Savaşlara bulaşdıqca zülüm artır cahanda,
Bəbəklərdə dolub daşan bu leysanı neylərəm?!
Sinəmizdə yorğun düşən ürəyimiz dözməyir,
Hər gün artan şəhidlərə qan ehsanı neylərəm?!
Yolun azan bəndələrə yoxmu səndə bir əlac?!
Dildə artan yalanları, şər qusanı neylərəm?!
Davalara çökür yurdlar, artır hər gün qan-qada,
Ömrümüzə yamaq olan dərdli anı neylərəm?!
Şadimana, ümid etmə bu dünyanın xeyrinə,
Savaşlara qucaq açan gülüstanı neylərəm?!
18.06.2025 Qusar