Bəzən elə olur ki, sığındığın otaq,
Uyuduğun yataq cana həbsxana olur.
Tavan adama ağrırlıq edir,
Döşəmə ayağının altından qaçır.
Əlin bu dünyadan üzülür,
İçinə ağrılar şam təki düzülür,
Anlar alışıb yanır,
Saniyələr əriyir,
Zaman ömrü arxasınca sürüyür.
Onda özünü ələ alasan gərək,
Zamanını qaydaya salasan gərək.
Heç kəsə həyat bəzəkli xonçada verilmir,
Günlər də adam kimidir, ölür bir də dirilmir.
Günlər ölənə qədər qayğısına qalasan,
Öz canın kimi ürəyinə salasan,
İncitməyəsən özündən,
Ocağına od götürəsən közündən…
Ömrün sabahını yaşatmaq üçün,
İstəklərə çatmaq üçün.
İnsanın doğluşu – həyatın yaranışı,
Ömrə tarixdir yaşı.
O tarıxın içində dünya boyda özüdür,
Dünyanı görəcək gözüdür.
Lap yenidən dünyaya gəlsə belə
əvvəlki ömrü yaşamayacaq,
O kimliyi daşımayacaq.
Ona görə kimliyə quyu qazımaq
ömür yolunu azmaq deməkdir.
Çalış azanlardan olmayasan,
Yaxşılardan dala qalmayasan,
Amma özün olasan,
Bu dünyanı tərk edənə qədər
Özün kimi qalasan…
20.03.2025
