Вы просматриваете: Главная > Şeirlər > İLHAM PƏRİSİ

İLHAM PƏRİSİ

İLHAM PƏRİSİ

Ah, ilham pərisi, bu zülmət gecə,
Könlümün evinə gəlmisən necə?
Hissim, həyacanım yenə əlində,
İncəlik, lətiflik tuti dilində,
Dadlı duyğuların qəlbimi bəzər,
Ruhumun bağında mələyə bənzər,
Büküb ürəyimi o atəşinə,
Dömüsən bəxtimi sən günəşinə.

Ah, ilham pərisi, bu gecə yarı,
Gətirdin könlümə əhdi-ilqarı,
Bağında açılan çiçəklərinlə,
Bağrımı odlayan diləklərinlə,
Sarmısan canımı sevgili yartək,
Qoynu ətir qoxan nurlu bahartək,
Ürək süfrəsinə sevda düzürsən,
Könül qədəhinə duyğu süzürsən.

Ah, ilham pərisi, təndə can varkən,
Bu vəfalı dünyam könlümə yarkən,
Gəl oynat qəlbimin duyğularını,
Unudaq cahanın qayğılarını.
Coşqun buludlartək dolub-boşalaq,
Bu qara zülməti edək daş-qalaq.
Uçaq asimana mələklər sayaq,
Yuxlasın kainat biz isə oyaq!…

Ah, ilham pərisi, hardan qaçmısan?
Könlümün qapısın necə açmısan?
Mən ki, qol-boyundum yuxularımla,
Qəlbi əsir edən qorxularımla.
İzin ver, bağrıma basım qoy səni,
Yenə təlatümə gətirdin məni.
Çıxaq duyğuların seyrəngahına,
Dönək hər sətirin yanan ahına!

Ah, ilham pərisi, bu könül odam,
Sənsiz mən də orda qəribəm, yadam.
Sənin atəşinə yanar ocağım,
Duyğuyla,sevgiylə dolu qucağım.
Səni uca Tanrım göndərib mənə,
Könlümün qapısın göstərib sənə.
Eşqin ürəyimin içində bitər,
Səninçin ölürəm mən səndən betər.

Ah, ilham pərisi, bu gecə vaxtı,
Qurmusan evimin ağzında taxtı,
Qapımı ahəstə elə açırsan,
Qaranlıq içində işıq saçırsan,
Doğub göylərində həyat günəşi,
Düşüb ayağına zülmətin nəşi,
Bütün vücudumu almısan ələ,
Tutmuşam səninlə yenə əl-ələ.

Ah, ilham pərisi, könlümü qopar,
Məni də özünlə dünyadan apar,
Birgə qanad açıb, uçum səninlə,
Ey incə mələyim, gəl məni dinlə,
Ağrıyan könlümə bir yuva ara,
Qoyum ürəyimi əbədi ora!…
Rahatlıq tapmadım mən ki, bir dəm də,
Gəzdirə bilmirəm onu sinəmdə.

Ah ilham pərisi, baxışın incə,
Ötməsin axşamın anları becə.
Dönək gecəmizin təranəsinə,
Bir şirinlik qataq incə səsinə.
Darayaq zülmətin qara telini,
Qucaq nurlu ayın incə belini.
Ürəyi oynasın ötən anın da,
Qoy həyat qaynasın coşan qanında!

Ah ilham pərisi, gəlişin təzə,
Bəzə ürəyimi əl-əlvan bəzə.
Gedək mehman olaq vüsal bağına,
Qalxaq duyğuların ucalığına.
Silək gözlərimdən niskili, qəmi,
Şadlığa bələnsin könül aləmi.
Yetir Şadimanın qəlbini dada,
Bundan da gözəl şey nədir dünyada?!…
26.09.1999

Bir cavab yazın