Вы просматриваете: Главная > Məqalələr > 20 Yanvar faciəsi

20 Yanvar faciəsi

20 Yanvar faciəsi də daxil olmaqla, 1987-ci ildən 90-cı illərin əvvəlinə kimi xalqımıza qarşı törədilən vəhşiliklər, kütləvi qırğınlar və deportasiyalar, əslində bizim milli birlik və iradəmizi qırmaq, torpaqlarımızı Ermənistana vermək idi. SSRİ adlanan Rus İmperiyası və bizə qarşı birləşmiş beynəlxalq güclər bunu bacarmadı. İradəmiz qırılmadı, bizi qıra-qıra biz çoxaldıq, ayağa qalxdıq, müstəqil Azərbaycanımızı yaratdıq! 2020-ci ildə 44 günlük savaşda Zəfər qazandıq! Qarabağ cəsur igidlərimizin sayəsində işğaldan azad olundu. Müstəqil Azərbaycan bütöv Azərbaycanın az hissəsidir, torpaqlarımızı bütövləşdirmək xalqımıza nəsib olsun!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Elə dirilər var ki, min ilin ölüsünə bərabərdir, elə ölülər də var ki, əbədi dirilik qazanıb! Şəhidlərimiz ölməzdir, onların ruhları qarşısında baş əyirik!