Вы просматриваете: Главная > Şeirlər > ANA DÜNYASI

ANA DÜNYASI

ANA DÜNYASI

Ana, səmalarım, havam, dənizim,
Ey mənim yaxınım, doğmam, əzizim!
Titrək dodağınla layla çalanım,
Hətta, yuxumda da könlü alanım.
Bətində olanda duydum səsini,
O isti, o yumşaq pak nəfəsini.
Dünyaya gətirdin məni bir səhər,
Gecələr yuxuna hey qatdın zəhər!
Yatmadın sübhədək beşik başında,
Əritdin ömrünü cavan yaşında.
Titrək addımlarla yeridim bir gün,
Bu sənə həyatda oldu toy-düyün.
Soyuqdan, sazaqdan xəstələnəndə,
Azacıq alınım istilənəndə,
Ana, gözlərinə doldu qəm yaşı,
Ağrıdı könlünün qüssədən başı.
Qopdu dodağından Tanrıya dua,
Sənə nuş olmadı çörək, su, hava.
Allahdan canıma sağlıq dilədin,
Elə bil könlümə sən nur ələdin!
Vaxt olub sözündən çıxaraq, ana,
Adicə bir zəhmət vermədim cana.
Ağlım kəsməyəndə incitdim səni,
Elə yana-yana böyütdün məni!..
Arada uşaqlıq oldu bahanə,
Sənin duyğuların necə şahanə?
Hər şey arzuladın körpə balana,
Səni zəhmətlərə hər gün salana.
Qəlbinə dəydiyim anlarımda mən,
Çöküb ürəyinə yəqin duman, çən.
Sən qurban vermisən umu-küsünü,
Buludtək bir anlıq o hirsini-
Doğma övladının şirinliyinə,
Getmədin hər sözün dərinliyinə.
Mən üz döndərəndə küsüb yeməkdən,
Dilin yorulmadı, bala, deməkdən.
Üzümdən, gözümdən öpdün min kərə,
Məni qucağından qoymadın yerə.
Oxşadın laylayla könlümü pəstdən,
Özünü günahkar göstərdin qəsdən.
***
Bir gün böyüyərək uçdum ocaqdan,
Ana, ayrı düşdüm o pak qucaqdan.
Həsrətlə yollara dikildi gözün,
Tutuldu buludtək qüssədən üzün.
Yandırdı içini bala həsrəti,
Budur, analığın saf təbiəti!
İndi o qapqara tellər ağarıb,
Qocalıq palanın çiyninə sarıb.
Fəqət, saxlamısan sonalığını,
İlahi, müqəddəs analığını!
Mən sənin nazını çəkməkdən belə,
Sən mənim nazımı çəkirsən elə.
Ana, bu sevgidən dolur gözlərim,
Titrəyir ağızda, dildə sözlərim.
Çəkdiyin xiffətin bağrını deşər,
Ürəyin başında balan yerləşər.
Üstünü kəssə də qocalıq çağın,
Balayçın alışar, yanar qucağın.
Ana, yerin, göyün nurlu mələyi,
Sənə Allah verib gözəl ürəyi!
Məni ucaltmısan səcdələrinlə,
O haqdan doğulan müjdələrinlə.
Nə qədər sağamsa, bir qulam sənə,
Çünki bu həyatı sən verdin mənə.
Məzarda olsa da bədənim əgər,
Ruhum hüzurunda hər an baş əgər.
Ana, qurban olum qocalığına,
Ey vücudu pakım ucalığına!
Ana, əzabkeşim, ey zəhmətkeşim,
Sənin ayağına səcdədir işim.
Mənə çıraq etdin baxışlarını,
Ömrünün rəngarəng naxışlarını-
Çəkdin taleyinin səhvələrinə,
Mürəkkəb həyatın lövhələrinə.
Yazıldı bəxtinin anları belə,
Bir müdriklik verdi ağaran telə.
Alıb başın üstün indi qocalıq,
Gözlərin arayır elə xoşqılıq.
Tez-tez xəstələnib üşüyür canın,
Buzlanır damarda o isti qanın.
Qanımı, canımı verərəm sənə,
Mən yatağa düşüm sənin yerinə!
Yasdığım yanında bir layla oxu,
Alsın gözlərimi şəfalı yuxu.
Qəlbə məlhəm eylə odlu nəfəsi,
Oxşasın ruhumu o ana səsi.
Yenə də bas məni isti bağrına,
Ana, qurban olum acı-ağrına.
Başım ayağına səcdəyə gələr,
Sənə fəda olub, bədənim ölər.
Ruhumsa dolaşar səmalarda hey,
Nə yorulmaq bilər, nə edər giley.
Sənin işığının fövqündə uçar,
Sənə qovuşmaqçın haqqa yol açar,
Hər zaman can atar sənin adına,
Sən də can deyərsən öz övladına.
Ana, ürəyimdə hər dərdi-sərim,
İzin ver, qəlbimi yoluna sərim.
Dodağından qopan təsəlliləri,
Ana, o mübarək, titrək əlləri,
Qoy könlüm başına, ey səcdəgahım,
Həm Kəbəm, Nəcəfim, həm Qibləgəhım!
Göydə Tanrım, yerdə sənsən Allahım!
Başım ayağına səcdəyə gələr,
Sənə fəda olub Şadiman ölər!..
04.10.1998

Bir cavab yazın