May
28
Müstəqillik günü— 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Qoy müstəqilliyimiz, özgürlüyümüz əbədi olsun!
Ürəyində dərdləri qubarlanan, bayramım,
Şanlı istiqlal eşqi qamarlanan, bayramım,
İzi-tozu silinib hamarlanan, bayramım,
Bir millətin Tanrıya ucalan ah-vayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
O böyük məmləkətin qazanılan yoluydun,
Əsir, kölə millətin açılmış əl-qoluydun,
Sildilər yaddaşlardan… tarixəsə uluydun,
Dədəm Oğuz bəyinin, sən Bozqurd harayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Yetmiş il dilimizdən aldılar bu kəlməni,
Vətən bayram eylədi yağı eldən gəlməni,
Şeir nədir, xalça da işlədi bu ilməni,
Parçalanmış ölkənin qanlı Araz çayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Sən ey Məmməd Əminin ən qeyrətli balası,
Azəri türklərinin Dədə Qorqud qalası,
İstiqlal savaşında Vətən haqqı alası,
Aylara rövnəq verən əsrmizin ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Doğuldun onsəkkizin o daşnak davasında,
Boğuldun imperyanın əjdaha yuvasında,
İyirmi səkkiz aprelin qırmızı havasında,
Topxanası dağılmış, zəncir qırmış ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
O iyirmi üç fevral – xalqa kölə dügünü,
Bizə bayram dedilər, ərlərə bəxşiş günü,
Düşünən beyinlərə yeritdilər süngünü…
Bəxtiqara Cavidin, Müşfiqin haqq payısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Gəl, şəhid olmuşların qanını hifz eylə,
Fəda olanlarının canını hifz eylə,
Əsir Qarabağının anını hifz eylə,
Üçrəngli kəhkəşanın ayparası, ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Əldən getmiş Kəlbəcər, Laçın əsir yağıda,
Qız-gəlin nalələri parçalayır dağı da,
Bu savaş meydanını dəli nərən dağıda!
Sən əzilən millətin ikiyüzillik hayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Yenə də qalxıb daşnak istiqlalı boğmağa,
İmperya hamilədir köləliyi doğmağa,
Yuxulu məmləkəti inək təki sağmağa,
Çox millətli bir yurdun oxdan çıxan yayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Qolu dibdən vurulmuş Babəkini yad eylə,
Qətrə-qətrə soyulmuş Nəsimini ad eylə,
Dünyaya lərzə salan bir dəli fəryad eylə,
Məzarı bəy otağı şəhidlərin sayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Təbrizimin gözləri qoy yollardan çəkilsin,
Sərhəd deyilən yerə gül-çiçəklər əkilsin,
Çılğın sevinc yaşları xan Araza tökülsün…
Sən böyük bir millətin o tayı, bu tayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Şadiman ki, ağlının külünü köz eyləyir,
Könlünün qubarını vərəqlərə söyləyir,
İstiqlalsız bu kölə məmləkəti neyləyir?
Azəri xalqlarının azadlıq sarayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.
23.05.1993
Şirinxanım Kərimbəyli ŞADİMAN