Bürünübdü bayrağına yurd-yuva,
Dodaqların gülüşləri dərd qova,
Səmalara sancılıbdı haqq dua,
Sevincimiz aşıb-daşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağdan gözəl Şuşa boylanır,
İgidləri yurd başına haylanır,
Kinli düşmən dərdə düşüb vaylanır,
Bir-biriylə cırmaqlaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Səmaların atəşfəşan selində,
Buludları alıb qaçır belində,
Bəxtiyarlıq təlatümü elində,
Sədaları dağlar aşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Əsgərlərin dastan oldu dünyada,
Tarixlərə adın saldı dünyada,
Ordumuza heyran qaldı dünya da,
İndi sənlə hərb yarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Oğulların uca adı-sanı var!…
Bir ölənə, min doğulan canı var,
Qarabağda Şəhidinin qanı var,
Torpağına qan qarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Sazın, tarın harayı tel üstündən,
Qurtulubdu yurd-yuva şər qəsdindən,
Qaçqın adı götrülüb el üstündən,
El bu adla vidalaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağın şikəstəsi dil üstə,
Xanəndələr oxuyurlar ahəstə,
Xoş zəngulə duyulur hər nəfəsdə,
Dil-ağızda sülh dolaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qazilərin düşmən bağrı yardılar,
Aslanlartək üstlərini sardılar,
Diş-dırnaqla zirvələrə vardılar,
İçlərində qurd ulaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şəhidlərin məkanı Rəbb yanında,
Dolaşırdı şərəf, namus qanında!
Qəhrəmanlıq yurd salmışdı canında,
Yağılarla ər savaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şadimanın vəcdə gəldi ürəyi,
Sən könlümün ən müqəddəs mələyi,
Heyran edib gözəlliyin fələyi,
Asimanda gün alışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
08.11.2021
Şirinxanım Kərimbəyli ŞADİMAN