Вы просматриваете: Главная > Şeirlər > BİR RİCAM SƏNDƏN PAYIZ

BİR RİCAM SƏNDƏN PAYIZ

Bir ricam var səndən payız,

Gecik, gəlmə yurdumuza.

Pay gətirmə çəndən payız,

Soyuq olar Ordumuza.

 

Əskərimiz savaşdadı,

Yağıları qovur yurddan.

Düşüb ərzə qalıb adı,

Güllələri doğur oddan!

 

Yağışını götür apar,

Torpaq üstə zığ eləmə.

Düşmən yurdda tufan qopar,

Yağıya heç can diləmə.

 

Gecik, gəlmə məmləkətə,

Düşmənə qan uddururuq!

Gəlib düşmə fəlakətə,

Yağını başdan vururuq.

 

Bir ricam var səndən payız,

Gəlirsənsə günəş gətir,

Apar qışı gendən payız,

Müjdəmizi yaza yetir.

23.10.2020/ Qusar

 

ALLAHA ƏMANƏT OLASAN, VƏTƏN

 

Dərdin ürəyimdən baş alıb gedir,

Canım hər gün sənə min səcdə edir,

Tanrım göy içindən xoş müjdə edir,

Bu dünya durduqca qalasan, Vətən.

Allaha əmanət olasan, Vətən.

 

Çıxart əyinindən qəm libasını,

Qurub oğulların yağı yasını,

Alır vəhşilərdən yurd qisasını,
Haqqın qələbəsin çalasan Vətən,

Allaha əmanət olasan, Vətən.

 

Qıvrılsın çayların dərədən, dağdan,

Ordumuz qurtarır səni fərağdan,

Ürək fərəhlənir bu xoşbəxt çağdan,

Düşmənə alınmaz qalasan, Vətən,

Allaha əmanət olasan, Vətən.

 

Haylar çörəyini yeyib qudurdu,

Üzə gülmüsədi, arxadan vurdu,

Oğluna, qızına min tələ qurdu,

İstədi payıztək solasan, Vətən…

Allaha əmanət olasan, Vətən.

 

Qələbə sevinci gəzir dağ-daşda,

Oynayır vüsalın ürəkdə, başda,

Yerin qəlbimizdə yuxarı başda,

Özün ruhumuza balasan, Vətən,

Allaha əmanət olasan, Vətən.

 

Şadiman meşənə, dağına vurğun,

Gəzir ürəyimdə vüsalın oğrun,

Canı tərk etməyən eşqin qoruğun,

Oraya güzarı salasan, Vətən,

Allaha əmanət olasan, Vətən.

23.10.2020/ Qusar

 

XÜDAFƏRİN KÖRPÜLƏRİ

 

Tariximin qan yaddaşı,

Şahid ona yurd yerləri,

Min bir dastan hər bir daşı,

Xüdafərin körpüləri.

 

Düşmənlərin üzün gördü,

Kül içində közün gördü,

Səhər-axşam özün gördü,

Xüdafərin körpüləri.

 

Ər, ərənə qucaq açdı,

Yolun verdi, ocaq açdı,
Çadırına bucaq açdı,

Xüdafərin körpüləri.

 

Əsrlərin məhək daşı,

O tay-bu tay qan yaddaşı,

Birləşdirdi vətəndaşı,

Xüdafərin körpüləri.

 

Ayırdılar, ayrılmadı,

Gəzdi tarix içrə adı,

Min fərəhi, min fəryadı,

Xüdafərin körpüləri.

 

Bitdi daha hay işğalı,

Etdi Ordu vay işğalı,

O tay, bu tay söylər halı,

Xüdafərin körpüləri.

 

Şah Xətai, qov atını,

Qur burda ruh həyatını,

Desin ötən büsatını,

Xüdafərin körpüləri.

 

Şahid oldu yağılara,

Fəryad dolu ağılara,

Məlhəm oldu sarğılara,
Xüdafərin körpüləri.

 

Qurban olum mən ağrına,

Öp bayrağı sal bağrına,

Ordumuzu al bağrına,

Xüdafərin körpüləri.

 

Qalib adın qutla onun,

Bitiribdi yağı sonun,

Dağlar ruhun, Araz donun,

Xüdafərin körpüləri.

 

Şadimanı etdin çıraq,

Ruhu səndən verir soraq,

Gəl birləşək, ocaq quraq…

Xüdafərin körpüləri.

23.10.2020/ Qusar

 

YÜRÜ ƏSGƏR YAĞI ÜSTƏ

 

Titrəsin dağ-daş nərəndən,

Töksün bulud yaş nərəndən,

Qalmasın yad baş nərəndən,

Düşmən ruhu, könlü xəstə,

Yürü əskər, yağı üstə!

 

Çox talandı yurd-yuvalar,

Yağıları ər qovalar,

Keçir hələ xoş havalar,

Şər qoymayıb daş daş üstə,

Yürü əskər, yağı üstə!

 

Taladılar Qarabağı,

Arxalıymış azğın yağı,

Çəkib elə sinə dağı,

Otuz ildi durub qəsdə,

Yürü əskər, yağı üstə!

 

“Cəngi” çalın, yalnız “Cəngi”,

Pozulmasın el ahəngi,

Savaş üçün çalın zəngi,

Zilə çıxın, nədir bəstə,

Yürü əskər, yağı üstə!

 

Al düşməndən qisasını,

Zil et “Cəngi” havasını,

Dil tutmasın duasını,

Bədən içrə can ahəstə,

Yürü əskər, yağı üstə!

 

Çək nərəni, qoy hallansın,

Yağı başı dumanlansın,

Aç atəşi, oda yansın,

Can deyir dil sənə pəstə,

Yürü əskər, yağı üstə!

 

Hünər göstər dastan olsun,

Sənə qurban bu can olsun,

Aramızda hicran olsun,

Qeyrət qanı var hər kəsdə,

Yürü əskər, yağı üstə!

 

Çalsın hamı zəfər marşı,

Düşmənlərlə dolu qarşı,

Sinəmizdən qaldır başı,

Qələbəni gücdən istə,

Yürü əskər, yağı üstə!

23.10.2020/ Qusar

 

ALLAHA İNANANA MƏZHƏB LAZIM OLMAYIR

 

Ey məzhəbi ürəkdə ocaq edib yandıran,

Onu-bunu özünün istəyiylə qandıran,

Başını kütləşdirib, hisləri oyandıran,

Baş elə bir mücrüdür, içi boşsa dolmayır,

Allaha inanana məzhəb lazım olmayır.

 

Bəndəni Tanrı sayıb ona səcdə edənlər,

İlahini unudub pir üstünə gedənlər,

Guya ki, haqq evinə nəzir müjdə edənlər,

Pak olan haqq gözündə heç kənarda solmayır,

Allaha inanana məzhəb lazım olmayır.

 

Yaradanı sevməkçin vicdanı təmizləyin,

Haqq könüldən başlayır ömrü boyu izləyin,

Etdiyiniiz nədirsə bədəlini gözləyin,

Rəbbim bəndə içrə ayrı-seçkik salmayır,

Allaha inanana məzhəb lazım olmayır.

 

Din Allaha inanmsa, bəs məzhəb niyə gərək?

Hamı qalxsın yuxarı, küy salsın göyə gərək,

Dinləri parçalayan öz başın döyə gərək,

Dünyaya gələn gedir, heç bir kimsə qalmayır,

Allaha inanana məzhəb lazım olmayır.

 

Əvvəl-axır hamının əməli üzə çıxır,

Kimi haqqı tapdayır, kimi də sözə çıxır,

Ürək nə sərgiləsə, o saat gözə çıxır,

Yaradan bizim təki boş xəyala dalmayır,

Allaha inanana məzhəb lazım olmayır.

 

Şadiman ürəyini şam eylədi Allaha,

Dərdini sözə tökdü, ümid etdi sabaha,

Dinlərə don geydirib canı atdıq günaha,

Rəbb bəndətək düşünüb kimsədən beh almayır,

Allaha inanana məzhəb lazım olmayır.

23.10.2020/ Qusar

 

TORPAĞA GÖMÜLÜB

 

Torpağa gömülüb şəhid qanları,

Çöküb ruhumuza əziz canları.

 

Vicdanlar içindən boylanır baxır,

Vaxtsız ölümləri yandırıb yaxır.

 

Qəhrəman doğulub anadan onlar,

Vətənə sevdalı igid cavanlar.

 

Gedirlər xilasa yurdu, yuvanı,

Qururlar yağıya qisas divanı!

Vətənin seçilmiş balalarıdı,

Başı uca edən qalalarıdı.

 

Şərəf tarixini yazırlar onlar,

Düşmənin məzarın qazırlar onlar.

 

Ya qazi olurlar, yada ki, şəhid,

Ana bətində alırlar öyüd!

 

Onlar hamı kimi olmayır heç vaxt,

Onlara yazılmıb uzun ömür, baxt.

 

Neçə il yaşasaq sonu ölümdü,

Həyatın görünməz donu ölümdü.

 

Torpaq qan içəndə Vətənə dönür,

Girir sinəmizə qəlbdə döyünür.

 

Şəhidi məzarda uydurur torpaq,

Yurdun varlığını duydurur torpaq,

 

Şəhidlər, qazilər Vətənin özü,

Odur ki, qəlblərə basılır közü.

 

Onlar unudulmur yurd-yuva kimi,

Çökür nəfəslərə bir hava kimi.

 

Bu dünya durduqca yaşayır onlar,

Vətənin şərəfin daşayır onlar.

24.10.2020/ Qusar