Вы просматриваете: Главная > Şeirlər > AZƏRBAYCAN ƏSKƏRİ

AZƏRBAYCAN ƏSKƏRİ

Bu nə xəbər bu səhər qulaqlarım eşitdi,
İçimdəki niskilim alıb başını getdi,
Hönkürən diləklərim bu gün mərama yetdi,
Can deyir sənə ürək, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Eşitdim ki, yağının üstə şirtək gedirsən,
İşğal altdan yurdları bir-bir azad edirsən,
Qurd ürəkli əcdadın ruhunu yad edirsən,
Köməyin olsun fələk, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Pak amalın zirvələr aşacaqdır bilirəm,
Düşmənlərə nifrətin daşcaqdır bilirəm,
İçindəki qəzəbin coşacaqdır bilirəm,
Yağı qurub şər, kələk Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Qəlbində od sönməsin, qurd ürəyin döyünsün,
Qüvvətin tükənməsin, yurd-yuvamız öyünsün,
Hiyləgər yağıların çatdığı ocaq sönsün,
Qalib gününə gələk, Azərbaycan əskəri!
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Nəriltindən titrədi yerin, göyün ac bağrı,
Yox oldu sinəmizdən bu düşgünlük, bu ağrı,
Getdiyin yol haqq yolu, dilində sözün doğru,
Ağrını udsun külək, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Üçrəngli bayrağımın özünsən şərəf andı,
Məğrurluğun önündə zaman durdu, dayandı,
Könlümdə qələbəyə ümid çırağı yandı,
Biz də sevinib gülək, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Aş irəli düşmənin əzilsin ayaq altda,
Əcdadının məzarı gizlənir neçə qatda,
Vətəndir şərəfimiz, namusumuz həyatda!
Ruhun doğurub Babək, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Şəhidlərin qanına suvaşıb torpağımız,
Qalib ol, sinəmizdən getsin məğlub dağımız,
Bilirəm arxalıdır, amansızdır yağımız,
Haqsız haqqı etməz dərk, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!

Şadimanın ruhunu titrətdin sən bu səhər,
Tutdu gözümü yaşlar, boğdu boğazı qəhər,
Xilas et, Qarabağı, düşmənin udsun zəhər,
Qaliblikdən yapış bərk, Azərbaycan əskəri,
Haqq savaşın mübarək, Azərbaycan əskəri!
27.09.2020/ Qusar

VƏTƏNİN XİLAS SAVAŞI

Açılsın bağlı yolumuz,
Qoltuqdan çıxsın qolumuz,
Məğlub olmayıb ulumuz,
Azad edəcək dağ-daşı,
Vətənin xilas savaşı!

Qarabağ qana bulanıb,
İçinə atəş qalanıb,
Ocağına su calanıb,
Məlhəm olmayır göz yaşı,
Vətənin xilas savaşı!

Çıxardaq candan ağrını,
Sevməyib yalan doğrunu,
Qovaq yurdlardan oğrunu,
Əydi sinəyə dərd başı,
Vətənin xilas savaşı!

El-obaya qan ələndi,
Şəhid məzara bələndi,
Gözdən gurşadlar selləndi,
Xain bağra sal təlaşı,
Vətənin xilas savaşı!

Haylar yurdlara gəlmədi,
Gələndən haqqı bilmədi,
Dərdimiz ilmə-ilmədi,
Bilirəm ki, zəfər qarşı,
Vətənin xilas savaşı!
03.10.2020/ Qusar

BU GÜN ZƏFƏR VAXTIDIR

Üçrəngli bayrağımız dolaşsın Qarabağda,
Düşmən qanı sel təki qoy aşsın Qarabağda,
Əskər marşı dağ-daşla yollaşsın Qarabağda,
Nərəsi yeri-göyü qopardan ər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!

Ayağının altından, şanlı Əskər, od çıxsın,
Qat qabağına hayı, qoy torpaqdan yad çıxsın,
Yetər ki, qəlbimizi ağrıdan fəryad çıxsın,
Otuz il elsiz qalan yurda səfər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!

Bəsdir yalan dillərin qanunları işlədi,
Nahaqq dövran suladı, haqq dilini dişlədi,
Etdikləri zülümlər qəlbimizə işlədi,
Qalx ayağa məmləkət, qəlbə təpər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!

Müzəffər Ordumuzun nərəsi dağlar aşır,
Qələbə sorağları Qarabağda dolaşır,
Yalanı şir edənlər bugün bizlə dalaşır,
Gəlin birləşək xalqım, savaşa tər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!

Ali Baş Komandanın ətrafında birləşək,
Çalaq şərə qələbə, dünyada sehirləşək,
Hamı bir nəfər kimi Qarabağda yerləşək,
Düşməni qabağına indi çəpər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!

Şadiman, qalib olaq, son qoyaq xain qəsdə,
Şəhid ruhlar narahat gəzir məzarlar üstə,
Düşmən əliqanlıdır, ağlı-zəkası xəstə,
Tuşlayaq silahları haya, sipər vaxtıdır,
Bu gün zəfər vaxtıdır!
03.10.2020/ Qusar