Gəlirsən elə gəl, könüllər gülsün,
Bəzə canım evin gülnən, ey bahar.
Bağrıma İlahi eşqin tökülsün,
Yer-göy sükutdadı dillən, ey bahar.
Şimşəklər hayqırsın, buludlar dolsun,
Açan çiçək qalsın, solan qış olsun,
Çaxnaşsın asiman, bol yağış olsun,
Qon yelin çiyninə yellən, ey bahar.
Yamyaşıl donuna bürün yenə də,
Eşqin şaxələnb çoxdan sinədə,
Rəvac ver ellərdə toy-düyünə də,
Geyin baş tacını gülnən, ey bahar.
Bilməm nə azardı gəzir dünyanı,
İnsanlar çaşbaşdı, üzür dünyanı,
Eyləmə ağrıya nəzir dünyanı,
Gəl bayram keçirək elnən, ey bahar.
Üşüyən canlardan çıxar mərəzi,
Yaraşmır hüsnünə şeytan qərəzi,
Bilirəm əyilib çoxdan tərəzi…
Yu apar hiyləni selnən, ey bahar.
Bilirsən Novruzun eşqi candadı,
Torpaq dirçəlişdə, həyəcandadı,
Bil sənə sevgimiz kökdə, qandadı,
Bu izah olunmur dilnən ey bahar!
Günlər qaça-qovda, zaman axarı,
Torpaq istilənir çıxır buxarı,
Soyuq yır-yığışda, gəl qalx yuxarı,
Dilləndir qəlbləri telnən, ey bahar.
Günəşin şəfəqi yerlərə enir,
Yer-göy təmas edir, eşqlə öyünür,
Qış ömrün bitirib ocağı sönür,
Oynama sovrulan külnən, ey bahar.
İsindir sevginlə buz ürəkləri,
Gətir ehtizaza sən diləkləri,
Darasın saçımı yaz küləkləri,
Oxşa üz-gözümü əlnən, ey bahar.
Şadiman hövlanak baxır yoluna,
Bitir gül-çiçəkdən gəl sağ-soluna,
Sən gələn yerlərdə könlüm buluna,
Gətir müjdələri yelnən, ey bahar.
15.03.2020