Вы просматриваете: Главная > Şeirlər > DEYİRLƏR

DEYİRLƏR

DEYİRLƏR

İkimiz də bir zamanın övladı,
Biri sənsən, biri mənəm deyirlər.
Beynimizdə cövlan edir eşq adı,
Ona canda nazlı sənəm deyirlər.

Gah yuxuya girib qəlbi küyləyir,
Gah özünü mələk sayaq eyləyir,
Səndən mənə, məndən sənə söyləyir,
Ocaq çatıb yanır sinəm deyirlər.

Qanımıza hicran girib qaynayır,
Günümüzlə, ayımızla oynayır,
Qol götürüb dərdimizə oynayır,
Göz buluddu, kirpik nəmdi deyirlər.

Məhəbbətin varmı sorğu-sualı?
Özün söylə kimə deyim bu halı?
Acıları çəkənin yox zavalı,
Niyə eşqə bir aləmdi deyirlər?

Bu da bizim ömrə düşən həyatdı,
Kölgəsində ay uzandı, gün batdı,
Taleyimiz başın atıb bərk yatdı,
İndi bizə bəxti kəmdi deyirlər.
30.01.2013