Вы просматриваете: Главная > Şeirlər > DÖRDLÜKLƏR

DÖRDLÜKLƏR

Nağıllar nağılı əvəz eyləyir,
Artır gündən-günə həvəs eyləyir.
Yapışır ürəkdən ümidlərimiz,
Həyata həvəsçün nəfəs eyləyir…
27.04.2019

 

Həyat necə gözəldi, bunu duyanlar bilir,
Diləklərin uğruna imza qoyanlar bilir.
Ömür cana əmanət, sona qədər anlayıb
onun dəqiqəsini barat sayanlar bilir…
04.05.2019

 

Ölümdən betərdi inamı qırmaq,
Ağrılar içində könlü qovurmaq.
Heç kəsin iç üzü bəlli deyildir,
Nə lazım yetənə ömrü sovurmaq?!…
04.05.2019

 

Çəkin, əməlilə şərə qol qoyan,
Tutduğu mənsəbə dəlitək uyan.
Zamanın təkəri əzəndə səni,
Vaxtın olmayacaq tapasan həyan!
05.05.2019

 

Dövran zalımların əlində sükan,
Harda göz yaşı var, yox haqqa təkan.
Zülmü dəstəkləyən, nahaq qan tökən,
Ayağın altından qaçacaq məkan!

08.05.2019

 

İnsan şər əlində hönkürür hər gün,
Açılmır bəxtinə vurulan düyün…
Bir çarə arayır haqqa yol açsın,
Onunçün vurnuxur, yorulur beyin!
16.05.2019

 

Öz içində məni qışqıran kəsin,
Heç kəs boğa bilməz həyat həvəsin.
Taleylə oynadır ömür insanı…
Duyanlar az olur xoş təranəsin…
17.05.2019

 

Doğulanla doğulur əzablar da dünyada,
Əzabların fonunda yazıq olur dünya da.
Kimə az, kimə çoxdu yazılan ömür yaşı,
Yaşanan günlərimiz qəh-qəh çəkir röyda…
17.05.2019

 

Hər anın çətinliyi ürəkdə yuva qurur,
Ürək də pərvanətək özünü oda vurur.
Həyatın acıları günümüzdən boylanır,
Ümid qəlbi dikəldir, çökməyə qoymur qürur…
23.05.2019

 

Ümid sınanda insan gözdə yaşını udur,
Özünü hislərinin təmasıyla aldadır.
Tapınır röyaların verdiyi ip ucuna,
Zənn edir xəyalları zəhər deyil, bal dadır…
30.05.2019

 

Gözlədiyim yolların dəyəri sən özünsən,
Ruhumun məhək daşı, duyarı sən özünsən.
Əylədib zamanını gecikmə, vaxt gözləmir,
Ömrə həyat zinəti, meyarı sən özünsən…
06.06.2019

 

Ümidlər sınanda həyat sozalır,
İnsanda yaşama inam azalır.
Doğulan bir ömür yolun yolçusu,
Bəs niyə ayaqlar altı qazılır…?!
29.06.2019

 

Sözü eşləsən sözdən söz doğur.
Hislərə qul olub hönkürür bağır.
Çiyinə yüklənmiş bir ömrün yükü,
Adamın özündən min dəfə ağır…

30.06.2019

 

Xərcləmə hər kəsə ürək odunu,
Bir ömür bəs edən gərək odunu.
Tanrı bəxş eləyən günlərçün qoru,
Gərəkli işlərə yazdır adını…
02.07.2019
Ağılda iti ol, sözündə qəti,
Ömrə pərçimlənmiş zaman sürəti.
Yoxuşu-enişi çıxıb düşdükcə,
Uğur unutdurur hər bir zilləti…
05.06.2019
Bəzən oxuyursan paylaşmaları,
Özünə, sözünə dırmaşmaları.
Deyirsən, İlahi, səbir mənə,
Həzm edim bu cürə yanaşmaları…
21.08.2019
Ürəyi yaşadan xoş duyğulardı,
Onu dərdə çəkən çox qayğılardı.
Qəlbi qorumağın yolu fərəhdi,
Bir də sahibinə pak sayğılardı…
23.08.2019

Ey sabah, bilmirsən nə çəkdiyimi,
Gözümdən ağrıtək yaş tökdüyümü!..
Hünərin var tez gəl, gözlərinlə gör,
Şeir tarlasına söz əkdiyimi…

25.08.2019

 

Uzaqdan gəlişin duyulur, payız,
İstinin nəfəsi oyulur, payız.
Bilirsən canımdan əzizsən mənə,
Havamdan boylanan, ey büllur payız!
31.08.2019

 

Ömür qapıların açıb üzünə,
Dəyər ver, qiymət ver özü-özünə.
Boşuna ötüşən günlər qayıtmır,
Sonra gec olanda vurma dizinə!..
05.09.2019

 

İçmə qəm qədəhin şərab yerinə,
Tutub ürəyini çəkmə dərinə.
Bədənin varlğın can tarazlayar,
Onu saya tutma hesab yerinə.
06.08.2019

 

Ruhun sakitliyi ömrə qidadır,
Qəlbi dilləndirən ən xoş sədadır.
Hər bir xəstəliyin kökü əsəbdə,
Ətrafdan gələn dərd cana qadadır!
09.09.2019

 

Eyləmə taledən şikayət heç vaxt,
Ağlımız əlində qismət, tale, baxt.
Harda doğulmağdan aslı olmadan,
Çətinlik adlamaq mümkündür hər vaxt!
12.09.2019

 

Payız yarpaqlarına bürünür ümidlərim,
Taleyimin dalınca sürünür ümidlərim.
Bir ömürlük həyatı daşımaq ağır yükmüş…
Könlə təsəlli üçün ərinir ümidlərim.
13.09.2019

An saman çöpünə yapışan kimi,
Zaman adamlarla qapışan kimi.
Saat para təki xərclər hər ömrü,
Vaxt öldürən kimi, çarpışan kimi?!
18.09.2019
Zaman sükunətdə dilə gəlməyir,
Əqrəblər fırlanır dayan bilməyir.
Vaxtın dəyirmanı günü üyüdür,
Ötən gün bir daha ələ gəlməyir…
20.09.2019
Yalanlar içində əriyir dünya,
İnsanın üstünə yeriyir dünya.
Hələ ki, səbir edir hər cəfamıza,
Bizi öz dalınca sürüyür dünya…
20.09.2019
Payız, boğazıma qüssə təpirsən,
Kirpiyim üstündə yaşı öpürsən.
Saralmış yarpaqlar ömrümə bənzər,
Ayağım altına niyə səpirsən?!
21.09.2019
Payız yarpağıtək saralıb ürək,
İçimdə hönkürür illərdi dilək.
Batırdın həsrətə ömür-günümü,
Hansı adı verim mən sənə fələk?!
26.09.2019

İlləri yalanın toruna salma,
Özündən qeyrinin haqqını alma.
Hər şeyi, hər kəsi üyüdən zaman,
Deyildir dişinə çəkdiyin alma.
26.09.2019