Вы просматриваете: Главная > Şeirlər > DEYƏN OLMADI

DEYƏN OLMADI

 

Hamı güzəranın söylədi o gün,
Kimliyin necə faş eylədi o gün,
Özləri bilmədi neylədi o gün,
Vətən, niyə sənin yiyən olmadı?!
İşğala dözmürük deyən olmadı…
 
Qələmim başıma qəm daşı tökür,
Ağlım ürəyimə təlaşı tökür,
Gözüm bulud olub gurşadı tökür,
Səbir deyiləsi bir şey qalmadı…
İşğala dözmürük deyən olmadı…
 
Başımızdan getsə qorxu havası,
Başlar düşmənlərlə qisas davası,
Vətənin çiçəklər hər yurd-yuvası,
Hayqırıb şərəfi öyən olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Məğlubluq acısı yaşayırıq biz,
Bu dərdi hər günə daşıyırıq biz,
Axı niyə belə yaşayırıq biz?!
Yağının şər yolun əyən olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Hönkürür içimdə ziyalı adım,
Vətənin namusu, əyalı adım,
Bağrıma sığınıb həyalı adım,
Vətən, qələmimdən həyan olmadı,
İşğala dözmürük deyən olmadı…
 
İçdə ziyamızı məhbus eylədik,
Hayqırtı salanda sən sus, sus dedik!…
Qolun qandallayıb biz həbs eylədik,
Pas atan qılınca bəyan olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Hamı öz dərdini ələdi bir-bir,
Demədilər, Başçı, tükənib səbir,
Hamıya dünyada qalacaq qəbir…
Məğlubluq əzabın sayan olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Bu nə ziyalılıq havası, Qələm,
Qışqıran səbrimin davası, Qələm,
Mən qula çevrildim, sən ası, Qələm,
Səhv getdiyin yolu əyən olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Böylə kiçilərimi, ey Tanrım, şərəf,
Çoxu eşq eləyir yağıya tərəf,
Nəsilər deyəcək bizə bişərəf,
Vətən, hıçqırtını duyan olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Vətən işğaldasa nə ev, nə para?
Dərinə işləyir getdikcə yara,
Yazıb yaratmağa ürəkdir çara,
Qorxunun başına yüyən olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Biz niyə kiçilib ölürük, Vətən,
Bu dərdi misrayla bölürük, Vətən,
Hansı günümüzə gülürük, Vətən?!
Heç qorxu-hürkünü oyan olmadı,
İşğala dözmürük deyən olmadı…
 
Deməyin faş etdim Şadimanlığı,
Itirib tapmıram heç səhmanlığı,
Ruhum alıb qaçır məndən canlığı,
Qaytarıb yerinə qoyan olmadı,
İşğala dözmürük deyən olmadı…
İşğala dözmürük deyən olmadı…
 
04.03.2019