Dek
04
Sən də İrəvantək yağıya ocaq,
Elin pərərn-pərən düşüb nə vaxtdı.
Dilimiz olubdu ağıya ocaq,
Nə zaman uçular bəs şərin taxtı?!
Yol bağlı Şuşaya əsir, Qarabağ,
Həsrət bıçaq təki kəsir, Qarabağ,
Könül vüsalınçın əsir, Qarabağ…
Qorxaqdan Allah da küsür,Qarabağ!
Leşə döndərdilər torpağı, daşı,
Quzğuntək tökülüb yadlar üstünə.
Bizim qismətimiz elə göz yaşı,
Durdu için-çölün, durdu qəsdinə.
Ahı könlümüzdə donan, Qarabağ,
Elə özümüztək yanan, Qarabağ,
Susur Azərbaycan anan, Qarabağ!
Azalır artmayır qanan, Qarabağ.
Yağılar sülh deyib bağlayır ağzı,
Bizə sülh deyənlər talana gəlir.
Görüm yoxa çıxsın, qələm-kağızı,
Möhürlər, imzalar yalana gəlir.
Dərdi qəlbimizə dolan, Qarabağ,
Bizimtək lallığı olan, Qarabağ,
İblislər əlində qalan, Qarabağ!
Var-yoxu əllərdə talan, Qarabağ.
Niyə silkələnmir daşın, torpağın?
Gələnlər yurdunu taladı, çapdı.
Nə vaxt sona yetər bu qanlı çağın?!
Düşmənlər, xainlər haqqını qapdı.
Susma, fəryadını bağır, Qarabağ,
Vətəni haraya çağır, Qarabağ,
İşğal hər bir dərddən ağır, Qarabağ!
Partlayır dözməyir bağır, Qarabağ.
İşğala savaşla verilər cavab,
Cavab verilməsə qurban çoxalar.
Ürəklər partlayır, eyləməyir tab,
Qələbə olmasa yağı çox olar!
Bunu qorxaqların qana, Qarabağ,
Doymuşuq hicrandan cana, Qarabağ,
Qarşında yağılar sına, Qarabağ…
Gələsən yenidən cana, Qarabağ.
Çağır harayına, çağır Ordunu,
Düşməni qorxusu silahdan keçir.
Ayılt içindəki yatmış Qurdunu,
Qalib olmağımız sabahdan keçir.
Bunu qananların duyur, Qarabağ,
Əmrə qadirlər uyur, Qarabağ,
İçində göyərir çayır, Qarabağ…
Dostunu düşməndən ayır, Qarabağ!
04.12.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN