Вы просматриваете: Главная > Şeirlər > QORU, ALLAHIM

QORU, ALLAHIM

QORU, ALLAHIM

Sənin tufanın da, küləyin də nur,
Sənin dünya adlı ürəyin də nur,
Göylərdən sütunlu dirəyin də nur,
Bizi izimizdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Sənin dairəndə bu dünya üzük,
Sənə tövbə edib suç edən bizik,
Sənin atəşinin oduna közük,
Bizi közümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Bizi əyri yoldan əyləyən də sən,
Adəmi imtahan eyləyən də sən,
Nizam-tərəzidən söyləyən də sən…
Bizi gözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

İblisi içində bizləyir bəşər,
Haqqı, ədaləti dizləyir bəşər,
Üzünü min rənglə gizləyir bəşər,
Bizi üzümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Dodaqlar əsirdi Haqq duasına,
Qaytar bu dünyanı öz yuvasına,
Şadiman qul olub söz havasına,
Bizi sözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.
8.12.1997