Вы просматриваете: Главная > Şeirlər > ALLAHSIZDI LAQEYDLİK

ALLAHSIZDI LAQEYDLİK

TANRISINDAN ÜZ ÇEVİRƏN
ALLAHSIZDI LAQEYDLİK

Başımızdan əsib keçər bir sərsəri külək kimi,
Ağlımızı, qəlbimizi əsir edər fələk kimi,
Beynimizdə, ruhumuzda doğar arzu, dilək kimi,
Sinəmizdə gözlənilməz tufan olar laqeydlik,
Gürzə təki dəyməsən də adam çalar laqeydlik.

Yolu-izi kəsər durar cəllad kimi, yağı kimi,
Heç bir sinə dağ görməyib laqeydlik dağı kimi,
Neçə-neçə ürəklərdən qopar gələr ağı kimi,
Gözü yolda qalanlara çəpər olar laqeydlik,
Təmizlərə, əzizlərə sipər olar laqeydlik.

Həyat ilə insanlığın arasında qara tikan,
Gücdən düşmür, əlindədir zamandan da güclü sükan,
Ürəkləri alıb-satan qəpik keçməz cılız dükan,
Dərdi sirli sağalmayan bir mərəzdir laqeydlik,
Haqla nahaq arasında bir qərəzdir laqeydlik.

Göz yaşını al şərab tək uf demədən içər keçər,
Ümidləri, inamları güllə kimi biçər keçər,
Pak, müqəddəs ürəklərdən iblis tək bir anda keçər…
Göz görəli insanlığa işgəncədir laqeydlik,
Neçə-neçə talelərlə əyləncədir laqeydlik.

Gerçəkliklə alçaqlığın arasında duran səddi,
Zərini əllərə salan, hər üzə satılan nərddi,
Şadimanın ürəyini parçalayan bir namərddi!
Sinələrdən qaçıbdırsa günahsızdır laqeydlik,
Tanrısından üz çevirən Allahsızdı laqeydlik.

19.11.1990