Вы просматриваете: Главная > Şeirlər > YARANMIŞIQ BİZ

YARANMIŞIQ BİZ

Kainat nurundan yaranmışıq biz,

Hər canın içində bir ruh gizlənir.

İşığa bağlanıb dayanmışıq biz,

İnsanın tənində nur əzizlənir.

 

Həmən ruh deyilən bir parça odur,

Onun enerjisi gəzdirir bizi.

İnsan nur xəzinə, bir neçə qatdır,

Bəzən bu xəzinə azdırır bizi.

 

Adam öz nuruna etsə xəyanət,

Nur onu yandırar ocaqda köztək.

Əgər vicdanlarda olsa dəyanət,

Dondurmaz qanları açılmaz buztək.

 

Göylər harmonyanı bəslər min illər,

Uzaq kainatlar qoynunda yaşar.

Canı göylə bağlar qırılmaz tellər,

Sirli beynimizdə səslər dolaşar.

 

Biz də kainatın zərrələriyik,

Zərrədən xəlq olub bətinə düşdük.

Uzaq ulduzlardan ötüb gəlirik,

Yerə pərçim olub lap çox dəyişdik.

 

Zərrənin qədrini bilməyən insan,

Nəfsinə qul olub közü azaltdı.

Vicdanla haqq yola gəlməyən insan,

Cana zərbə vurdu ömrü qocaltdı.

 

Tapındı dinlərin əfsanəsinə,

Biri digərinə silah tuşladı.

Qulaqlar kar oldu haqqın səsinə,

Adam vicdanına biclik aşladı.

 

Zərrədən yaranıb xaliqə döndük,

Bilmədik ki, vicdan Tanrı özüdür.

İki ayaq üstə çox vaxt öyündük,

Canı anlamadıq haqqın közüdür.

 

Minlərlə kainat işıq selitək,

Yol alır asiman sərinliyinə.

Biz də yapışmışıq yerdən dəlitək,

Getmirik kimliyin dərinliyinə.

 

Nədən yaranıbdı, niyə var insan?!

Bu sual ağıllı başda dolaşır,

Axır işıq seli can içrə leysan,

İnsanın beyninə düşüb suvaşır.

 

İçində pisliyi gəzdirən kimsə,

Özü öz nurunu içdən küsdürür.

Yoluna əngəllər düzdürən kimsə,

İşığın sönməyə çox tələsdirir.

 

Hər kəs yamanlığa eyləsə meyil,

Kainat işığı qəlbdə azalar.

Heç kim yaranışdan kənarda deyil,

Şərə qol qoyanın nuru azalar.

 

Sağlamlıq nur demək, xəstəlik sitəm,

Nurun qaçmasına rəvac verməyək.

İşıq sozaldıqca bədənə matəm,

Dərdlə ömrü kəsib can sürüməyək.

 

Biz də kainatın zərrələriyik,

Zərrənin işığı bir ömrə bəsdi.

Sümüyü gizləyən zəif dəriyik,

Ölən günahkardı qəbrə tələsdi.

 

Gəlin nurumuzu çox xərcləməyək,

Onun atəşiylə közü oyadaq.

Gəl öz-özümüzə şair deməyək,

Yatan ruhumuzda sözü oyadaq!

 

Şadiman ruhuna bir can borcludu,

Qopub bədənindən uçub gedəcək.

Yerdə qalan ömrə hicran borcludu,

Bir gün bu dünyadan qaçıb gedəcək…

20.10.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN