Вы просматриваете: Главная > Şeirlər > EY ADAM

EY ADAM

İnsanlıqdan çıxana eyləmə ülfət, ey adam,
Verər ruhuna sənin sağlamaz illət, ey adam.

Hər kəsin beyninə çatmaz eləsin yaxşılığı,
Ağılın ziyasıdı edə mərifət, ey adam.

Çox mənəm deyənlərin təpəsi yerə çaxılıb,
Şərə eşq edənləri tapacaq zillət, ey adam.

Heç kəsə vəfasını etmədi inkar Yaradan,
Eyləmə Tanrı verən ömrünü alət, ey adam.

Ruhumuz kainatın zərrədə can işığıdı,
İşığa səcdəni qıl, etmə rəzalət, ey adam.

Yer də öz ömrünü tamam edəcək, yox əbədi,
Nəfsini Tanrı sanıb etmə ibadət, ey adam…

Vermə gəl şərə rəvac, kəsmə ədalət yolunu,
Salar gec-tez ayağa bil səni millət , ey adam.

Şadimanı qınama şərə çəkir sözlə qılınc…
Edə bilməz, çünki o, haqqa xəyanət, ey adam.

14.02.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN