Вы просматриваете: Главная > Şeirlər > NECƏ YAŞAYIRIQ BİZ 

NECƏ YAŞAYIRIQ BİZ 

Gülləboran olunduq, yenə ocağımızda,

Dərdi daşıyırıq biz.
Bəslədik iblisləri isti qucağımızda,

Necə yaşayırıq biz?

 

Vətən ahlar içində, fəryada gələni yox,

Qırılıb-çatılırıq, ölümüz var yerdə çox,

Ürəyimiz partlayır, nə dözürük dərdə çox?

Necə yaşayırıq biz?

 

Kölə babalar bizə, kölə Vətən saxlayıb,

Hər əsrdə min dəfə, ölüb-itən saxlayıb,

«Böyük qardaş» qəzəbli, yalançı eşq laxlayıb,

Necə yaşayırıq biz?

 

Düşmənin tanımayan, başa yaman kül olur,

Ağlayan ürək üçün, haray salan dil olur,

Millət tökülür çölə, dünyada səfil olur,

Necə yaşayırıq biz?

 

Azərbaycan, kimdədir sənin torpağın,daşın?!

Niyə dərddən qurtulmır, dincəlməyir heç başın?

Səni qorumaq üçün, nə etdi Vətəndaşın?!

Necə yaşayırıq biz?

 

Hanı Borçalı, Dərbənd, İrəvan, Göyçə hanı?

Nədən qorumuşuq bəs, tən içində bu canı?

Bürüyüb vücudumu bir illət həyəcanı,

Necə yaşayırıq biz?

 

İndi də Qarabağa göz dikib qansız yağı,

Dağılır kənd, qəsəbə, sönür yurdun çırağı,

Çatdırın məzarlarda yatanlara sorağı,

Necə yaşayırıq biz?

 

Təbriz, qaldır başını, bax o taydan, bu taya,

Bax Vətənin qəlbindən dikələn ahu-vaya,

Uçub töküləydi kaş başımıza daş-qaya!

Necə yaşayırıq biz?

 

Biz nəyin fəxrindəyik, ey dilibir yurddaşlar,

Axı necə sinədən dikəlib qalxır başlar?

Axıdırıq kişili, qadınlı acı yaşlar!!!

Necə yaşayırıq biz?

 

 

Köləlik eşqiylə çox, a yanıb yaxılanlar,

Ey rusun ayağına qul təki yıxılanlar,

Bəsdir, sizi qorxutdu ayı donlu xoxanlar,

Necə yaşayırıq biz?

 

Hanı atlar üstündə qılınc çalan dədələr?

Qalxıb qəbirlərindən bağrımızı didələr,

Hanı başı papaqlı, hanı Vətəndidələr?

Necə yaşayırıq biz?

 

Şadimanı dilindən durun çəkin çarmıxa,

Ya mən doğulmayaydım, ya ruhum çıxsın yoxa,

İşğala dözmək olmur, axı göz baxa-baxa,

Necə yaşayırıq biz?

Necə yaşayırıq biz?

17.03.1990

 

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

Şərh üçün bağlıdır.