Aparar soyuğun niskilin qəmin,
Yuyar gurşadıyla, sanki çölləri.
Sevincə bürüyər könül aləmin,
Bahar yağmurları, bahar selləri.
Şimşəklər, buludlar necə ötüşər,
Candan, sevənlərtək eşqlə öpüşər,
Göylərə bir dəli çaxnaşma düşər,
Bahar yağmurları, bahar selləri.
Otlar baş qaldırar torpağın altdan,
Düşər atın çapan o qış da atdan,
Yaşamaq qoxusu gələr həyatdan,
Bahar yağmurları, bahar selləri.
Kiçik arxlar daşıb çaylara dönər,
Sızqa çeşmələrdə həyat döyünər,
Dəhnələr nəhirə dönüb öyünər,
Bahar yağmurları, bahar selləri.
Çöllər leysanlara açar qoynunu,
O zərif bənövşə bükər boynunu,
Təbiət vəsf edər yazın oynunu,
Bahar yağmurları, bahar selləri.
Ağaclar yamyaşıl donunu yuyar,
Bağlar yarpaqların hüsnünə uyar,
İlahi təbiət bu eşqi duyar,
Bahar yağmurları, bahar selləri.
Göylərin tərkində şimşəklər çapar,
Sanki gurultudan asiman qopar,
Vüsalın buludun qoynunda tapar,
Bahar yağmurları, bahar selləri.
Buludlar göylərin döşün əməndə,
Boşalt ürəyini yuyunum mən də,
İsladım özümü çöldə, çəməndə,
Bahar yağmurları, bahar selləri.
Şirinxanım Kərimbəyli ŞADİMAN