Вы просматриваете: Главная > Şeirlər > TUŞ OLMASIN NAKƏSƏ   

TUŞ OLMASIN NAKƏSƏ   

Ara qatmaq, ara vurmaq, şər işi,

Hər adama yaxşı olmaq, ər işi,

Əcəllə də deyib-gülmək, nər işi,

Pislik etmək çətin deyil heç pisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Çox sinənin bağlı qalar yol-izi,

Duman alar, uzaq görən hər gözü,

Ömrü boyu qatdalayıb diz-dizi,

Ocaq çatan, od-köz üçün döz hisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Xeyir verməz hər açılan qapılar,

Şər əlində düzün köksü çapılar,

Harda olsa, düzə yağı tapılar,

Dəyirmandan dolu çıxmır çox kisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Mənəm dedi, çox özündən deyənlər,

Arxasını, kökünü də öyənlər,

Axar suyu arxa bənddən əyənlər,

Kişi adı yaraşmayır hər kəsə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Ar olmayır ulusunu dananda,

Baş ağrıyır, yaxşı-yaman qananda,

Qəlb dincəlməz ürək odla yananda,

Qızıl parlaq, bəxt ağlamıb güc misə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Arzularla, məramlarla ucallıq,
Şənliklərdən, toy-bayramdan tac allıq,

Ömür keçər, biz də bir gün qocallıq,

Ay gələnlər, gördümü hər əl əsa?

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Yolun üstə çox tərəzi qurular.

Lilli sular düzü görər, durular,

Gülzarlıqda gül axtarır arılar,

Bağlı yolu namərd gələr tez kəsə,

Mərd dediyin, tuş olmasın nakəsə.

 

Ey Şadiman, həyat səni yoxlayır,

Hərzə baxış sinə için oxlayır,

Çox istəklər şər əlində yuxlayır,

Baş sahibi, tufan etmə, el əsə…

Mərd dediyin, tuş olmasın nakəsə.

Mərd dediyin, tuş olmasın nakəsə.

25.10.1987

Şirinxanım Kərimbəyli ŞADİMAN