Вы просматриваете: Главная > Şeirlər > “NİSYƏ DƏFTƏRİ”

“NİSYƏ DƏFTƏRİ”

 

 Sənə üz tutanlar artır günbəgün,

Millətin əlacı “nisyə dəftəri”.

Açılmır atılan bəxtlərə düyün,

Sağ saxlarsan acı “nisyə dəftəri”.

 

Banklardan asılan ciblər soyulur,

Gözlər buludlayır, qəlblər oyulur,

Ölən ümidlərə imza qoyulur,

Qəlbə düşən sancı “nisyə dəftəri”.

 

Gecə yuxulara gələrsən qəfil,

Şeytan qəhqəhəylə gülərsən qəfil,

Acından ölənlə ölərsən qəfil,

Kasıbın amacı “nisyə dəftəri”.

 

Saralıb solarsan piştaxta üstə,

Qiymətlər artıqca ey pula xəstə,

Utanmaz-utanmaz durarsan qəsdə,

Sən özün dərd ucu “nisyə dəftəri”.

 

Kasıb da həyadan saralıb solar,

Gurşadtək hönkürər, buludtək dolar,

Çırpınar, vurnuxar çarəsiz qalar,

Qovurar qəm sacı “nisyə dəftəri”.

 

Hər kəs doğulandan ömürə bağlı,

Ehtiyac güc gələr sümürər ağlı,

Bugünkü həyatın real nağlı,

Ölkənin baş tacı “nisyə dəftəri”.

 

Şadiman dilini tutmaz ağızda,

Qəlbi haray çəkər min bir avazda,

Hönkürər dövranın dərdi kağızda,

Borcluya əlaçı “nisyə dəftəri”.

 

15.01.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN