Вы просматриваете: Главная > Şeirlər > CAN AĞLAYIR

CAN AĞLAYIR

Bu qədər zülümlərə dözmək olarmı, Allah?
Dünyanı çalxalayır edilən min cür günah,
Nalədən üsyan edir açılan hər bir sabah,
Yeri, göyü yandırır sinələrdən qopan ah,
Ürəyim qan ağlayır,
Hər zülümə can ağlayır.

Haqsızlıqlar talayır beyinlərin içini,
Gedir bəşər içində vicdanların biçini,
İnsan yamanlığıyla sürür ömür köçünü,
Bir qurda yem edirlər min biçarə keçini,
Çəkir binəva dünya yamanlığın suçunu,
Ötüşən an ağlayır,
Hər zülümə can ağlayır.

Açılan sabahların köksündə qan izi var,
Xətaların əlində qatlanan mərd dizi var,
Bəşərin sinəsində şeytanın şər bizi var,
Edilən fənalığın dəryası, dənizi var,
Yalan ad-san ağlayır,
Hər zülümə can ağlayır.

Könüllərdə alışan duygular üsyan edir,
Sübhədək gözümüzdə uyğular üsyan edir,
Beyinlərlə atışan qayğılar üsyan edir,
Layiqsizə yar olan sayğılar üsyan edir,
Pay olan şan ağlayır,
Hər zülümə can ağlayır.

Bəşər öz ülfətini şərə edib ərmağan,
Dünyanı süngüləyir hər yerdə haqqıboğan,
Çırpınır qan içində günbatanla-gündoğan,
Göylərin gözlərindən su deyil, qandı yağan!…
Tökülən qan ağlayır,
Hər zülümə can ağlayır.

Nədir belə, İlahi, bu qədər işgəncələr ?
Ahı ərşi yandırır, həm gündüzlər, gecələr,
Parçalayır şüuru niyələr və necələr ?
Bu suallar içində ürək necə dincələr ?
Düşünən baş önündə ömür teltək incələr,
Sübhünə dan ağlayır,
Hər zülümə can ağlayır.

Bağrımı didir, Allah, içimdən qopan – kədər,
Bu aləmlər içində könlümü tapan – kədər,
Bütün ümidlərimi od təki qapan – kədər,
Sinəmin ağrısından misralar yapan – kədər,
Ürəyim qan ağlayır,
Hər zülümə can ağlayır.
Şirinxanım Kərimbəyli ŞADİMAN