Вы просматриваете: Главная > Şeirlər > ŞİKAYƏT EDİR

ŞİKAYƏT EDİR

 

Çox vaxt yolu açıq hər bəd niyyətin,

Hamı ürəyindən şikayət edir.

Bir kimsə görməyir öz səadətin,

Ürəyin dediyin hekayət edir.

 

Ürək də atılmış bir can kimidir,

Bədəndən küsəndə hicran kimidir,

Hər doğulan insan bir an kimidir,

Gəldiyi dünyanı səyahət edir.

 

Adam da planet təki parlayır,

Özünü cahana bir sakin sayır,

Canından bezəndə hər şeydən doyur,

O da ətrafına sirayət edir.

 

İnsan özlüyündə, sanki möcüzə,

Bə‘zən varlığımız adidir bizə,

Hər için çamuru kölgədir gözə,

Hər canın yiyəsi qəbahət edir.

 

Biz də Allah deyib yapışdıq göydən,

Düşdü əl-qolumuz min illər heydən,

Səma da bezibdi başları keydən!

Bir-birin öldürən cinayət edir.

 

Hamının can evi haqqına açıq,

Birində xeyirdi, birində acıq,

Biz dünya mülkündən doymuruq, acıq,

Hər kəs nəfsinə xəyanət edir.

 

Kim ki, öz şərini canından qovur,

Hesab et pisliyi içindən sovur,

Həyatın dincliyin tapar bir hovur,

Hisləri önündə dəyanət edir.

 

Şadiman, hər kəsin bəlası özü,

Tükənir ağrıdan ürəyin közü,

Görünəntək deyil həyatın üzü,

Hər can yiyəsini o alət edir.

                                                         28.10.2015

Şirinxanım Kərimbəyli ŞADİMAN