Вы просматриваете: Главная > Şeirlər > ÖZÜN YAZ İNDİ

ÖZÜN YAZ İNDİ

 

 

Könlümün simlərin çalma demişdim,

Çaldn, sözlərini özün yaz indi.

Qəlbimi əlimdən alma demişdim,

Aldın, sənə qalan hər gün naz indi.

 

Qoxla həsrətimi qızıl gül kimi,

Nalə çək gizlincə bir bülbül kimi,

Süzül pəncərəmə əsən tül kimi,

Acı vüsalına məzar qaz indi.

 

Səhər də zülmətdən qaçır bilirsən,

Ayrılıq qapını açır bilirsən,

Ruhum sənə sarı uçur bilirsən,

Arada hökm edir sərt ayaz indi.

 

Sevginin özü də Tanrı icadı,

Dərdi çox olsa da məhəbbət adı,

Düşdü ki, ürəyə getməyir dadı,

Vüsalın həsrətdən olub az indi.

 

Arada uçrumlar, keçilməzlər var,

Gəzir içimizdə hər gün ahu-zar,

Tutub könlümüzü sağalmaz azar,

Olub ürəyimiz sınıq saz indi.

 

Şadiman eşqini bəxş etdi sənə,

Indi seyirçidi hicran səhnənə,

Tuş oldun araya çökən sis-çənə,

Dumana düşmüsən, canım, az indi…

 

14.10.2017

 

Şərh üçün bağlıdır.