Вы просматриваете: Главная > Şeirlər > TORPAĞININ QOXUSU 

TORPAĞININ QOXUSU 

Torpağının qoxusunu ciyərimə çəkdim,

Könlümə eşqin dolu çiçəklər əkdim.

Hərdən qəhərim, hərdən fərəhim oldun.

Haqqım tapdalanda, ürək dolusu zəhərim oldun.

Xoşbəxt günlərimin sevinci,

Heç nəylə əvəz olunmayan bir inci,

Sənə çox göstərdilər küncü.

Küncdən çıxıb hayqırdın,

Buxovları, zəncirləri, qandalları qırdın,

Özünü qızmış şirtək düşmən üstünə vurdun,

Köləliyin qəsdinə durdun.

Dilinin yasağın unutma,

Yad havaları tutma.

Sən – ana laylasının qulağıma dolan pıçıltısı,

Sən – məzarına tələsən bir qocanın xırıltısı,

Sən – bir körpənin südlü dodaqlarının marçıltısı,

Sən – torpaq altından üzə çıxan bulaqların

sızıltısı,

Sən – sübhdən günəşin gözlərimdə qamaşan

sarıltısı,

Sən – ürəyimin dərdlərinə dözməyən zarıltısı…

Səndən vaz keçmək olmayır Vətən,

Zəhərin içimdə qalmayır Vətən.

Səndən yazmağı boğazdan yuxarı sandılar,

Ciblərinin çıxarı sandılar,

Sənsə mənim cib xeyirim yox, təb seyirim oldun,

Gilə-gilə, damla-damla qəlbimə doldun.

Səni doğmamdan doğmam sandım,

Gecə-gündüz eşqinlə yandım,

Mənim üçün güney-quzey,

qərb-şərq deyilsən,

Nə qədər parçalanıb əyilsən,

Bütöv Azərbaycansan,

Bədənimdə vurnuxan cansan.

Damarlarımdan axan qanım bunu deyir,

Səndə ötən dövranım bunu deyir!

Ey dədəmin yurdu,

Ey babamın içində ulayan qurdu,

Səndən keçə bilmirəm,

Başqa yurdu özümə məkan seçə bilmirəm.

Ey işğallar altında əzilən,

Kətan təki süzülən,

Nazilən Vətən.

Sən mənim damarlarımda axan qanıma

yürüdün,

Ruhumun bədən içində parlayan canıma

yürüdün,

Sən məni öz ağı-acınla yıxıb sürüdün,

İlan təki süründüm ayaqlarında,

Alışdım-yandım çıraqlarında,

Nə varında gözüm var,

Nə torpağında,

Sən mənim gəlir-çıxarım deyilsən,

Nə qədər də acgözlər önündə əyilsən,

O qədər ağrımsan,

Alışıb-yanan bağrımsan,

Bu sənə sağ ikən etirafım,

Hiyləylə qaynayır ətrafım.

Səni hiylələrdən qurtarmaq olmayır,

Dərdini sinədən qoparmaq olmayır.

Ey anamın dili,

Ey ürəyimin nazilən teli,

Atamın basılan səbri,

Çatdıyan qəbri,

Səni könlümdən uzaqda tuta bilmirəm,

Sənsizliyə bata bilmirəm.

Torpağı işğallarda itən,

Başı bəlalı Vətən,

Vətən…

Vətən…

             

 26.07.2015

 

Şərh üçün bağlıdır.