Вы просматриваете: Главная > Şeirlər > SORMUŞAM, DÜNYA

SORMUŞAM, DÜNYA

Bir azca işığam, bir azca odam,

Özüm öz ruhuma bəzən çox yadam,

Niyə yaranıbdı, neyçündü adam?!

Səndən neçə kərə sormuşam dünya,

Səni suallarla yormuşam, dünya.

Bizim ayağımız torpağa bağlı,

Göylər ovsunlayır, aparır ağlı,

Bitib tükənməyir kainat nağlı,

Səyyarə içində qormuşam, dünya,

Səni suallarla yormuşam, dünya.

Elə doğulandan təlatümdəyəm,

Ruhum hardan gəlib, özüm kimdəyəm?!

Zəkamın duyduğu bir çəkimdəyəm,

Ağrını canıma sarmışam, dünya,

Səni suallarla yormuşam, dünya.

Göylərdən yerlərə sirdi boylanır,

İnsanın içindən kirdi boylanır,

Kürə acılara dözmüb haylanır,

Bilməyib içinə varmışam, dünya,

Səni suallarla yormuşam, dünya.

Adamın hiyləsi canından betər,

Ağlından ürəyə yol alıb bitər,

Səni batırmağa bir fəndi yetər,

Qapında günahkar durmuşam, dünya,

Səni suallarla yormuşam, dünya.

                                          28.04.2016