Вы просматриваете: Главная > Şeirlər > İLAHİ, YOLUMU AÇ

İLAHİ, YOLUMU AÇ

Dünyada qalmaqdan yoruldum daha,
Heç dözmək olmayır bu qədər aha,
Gecəm ağrıları doğur sabaha,
Bütün sitəmləri qoy yıxım gedim.
İlahi, yolumu aç çıxım-gedim.

Hər tərəf göz yaşı, ağrı-acıdı,
Qurtulmaq fəryaddan can əlacıdı,
Ürəyim dərdlərin hicran ucudu,
Kirpikdən yaşımı tez sıxım gedim,
İlahi, yolumu aç çıxım-gedim.

İnsanın üzündən yağır təlaşı,
Daşdırır dəryalar gözünün yaşı,
Ürəyi partladır ağrıyan başı,
Dünyaya son dəfə mən baxım-gedim,
İlahi, yolumu aç çıxım-gedim.

Suallar, cavablar önündə quldu,
Bu nə Yaradana, imana yoldu?
Hamı məzhəb gəzib bir dinsiz oldu,
Su təki dəryaya lap axım-gedim,
İlahi, yolumu aç çıxım-gedim.

Özün də bilirsən can müştağında,
Qəlbim qopub qalıb hicran tağında,
Ruhum yerdə-göydə Rəbb sorağında,
Canıma odundan ver yaxım-gedim,
İlahi, yolumu aç çıxım-gedim.

Bir sakit gecəndə dönüm yuxuna,
Quştək qanad açım gəlim qoxuna,
Qoşula bilmirəm heç bir axına,
Şimşəktək göyündə tez çaxım-gedim,
İlahi, yolumu aç çıxım-gedim.

Məni sən yaratdın, sən də qail et,
Hər bir diləyimi əmrə nail et,
Əgər dönük çıxsam ömrü zail et,
Ruhumu göylərə buraxım gedim,
İlahi, yolumu aç çıxım-gedim.
İlahi, yolumu aç çıxım-gedim.

19.07.2016
Şirinxanım Kərimbəyli ŞADİMAN

Şərh üçün bağlıdır.