Вы просматриваете: Главная > Şeirlər > DİLƏ GƏTİRDİN

DİLƏ GƏTİRDİN

Könlümü, ruhumu dilə gətirdin,
Dilimdə nəğmələr bitirən bahar.
Təbiət eşqini qəlbə ötürdün,
Alıb ürəyimi götürən bahar.

Boylanıb baxırsan çəmənzarından,
Süslədin təbimi xoş gülzarından,
Yanırdım qış boyu intizarından,
Şaxtanı, sazağı itirən bahar.

Elə nazlanıram sevgin içində,
Təbiət bambaşqa fərqin içində,
Yaşıla bürünmüş sərgin içində,
Hər güldən bir xalı yetirən bahar.

Quşlar zövqü olan bir nəğməkardır,
Buludlar ağ geyib, külək bekardır,
Ürəyim eşqinə yenə şikardır,
Könlümə sevgisin gətirən bahar.

Alışır Şadiman, yanır xiffətdən,
Necə üz çevirim səntək afətdən,
Ruhum pərvazlanır yenə iffətdən,
Bol-bol gül-çiçəklə ətirlən, bahar.
15.04.2017

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.