Вы просматриваете: Главная > Şeirlər > ƏSLİ-SOYU TAMAM DANAN

ƏSLİ-SOYU TAMAM DANAN

Əsli-soyu tamam danan,
Hardan gəlib, hara getdi?
Doğmaya yox, yada yanan,
Harda idi, hara yetdi?

Bədən cana xain çıxmaz,
Yaramaza kimsə baxmaz,
Şər əlindən heç buraxmaz,
Bülbül susdu, qarğa ötdü.

Qrantlarla bəslənənlər,
Bu eşq ilə süslənənlər,
Düşmənlə bir səslənənlər,
Könlə gələn sözdə bitdi.

Atı minib tərsə çapan,
Öz xalqına çirkab atan,
Bilinməyir anan, atan,
Bilinirsə nə xislətdi?

Şər yağıdı, bəlli üzü,
Fitnə-fəsad hər bir sözü,
Baş açmaq da olmur düzü,
Kök birsə nə xəyanətdi?

Şadimanı çək çarmıxa,
Fitvalara verməm yaxa,
Xalqın gözü baxa-baxa,
Düşmənə nə ibadətdi?
14.02.2013
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.