Allahım, kainat içrə dolaşdım,
Sənin işığına doğru gəlirəm.
Sənin atəşinlə qaynayıb daşdım,
İçimə sığmayır sorğu, gəlirəm.
Möhtəşəm kainat sirlər içində,
Sirrini heç kimə açmayır hələ.
Gələnlər gedirlər, ömür köçündə,
Şükür ki, yer göyə qaçmayır hələ.
Bu müdhiş bəşərin işləri çətin,
Hiyləsi, xətası özündən böyük.
Təkcə sən bilərsən onun niyyətin,
Başının zərbəsi ürəyə bir yük.
İlahi, yerlərin ahı bitməyir,
Kainat içindən özünü göstər.
Dilim haray salır, əlim yetməyir,
Ürəyim eşqiylə tək səni istər.
Göstər gül üzünü, gəlim səcdəyə,
Sənin atəşinə alışım-yanım.
Könlüm soraqdadı qəfil müjdəyə,
Sənsən göydə, yerdə mənim həyanım.
10.07.2015