Вы просматриваете: Главная > Şeirlər > FƏLAKƏTƏ ÇƏKƏNLƏR

FƏLAKƏTƏ ÇƏKƏNLƏR

İnsanları fəlakətə çəkənlər,

İntihara açar oldu bu millət.

Qəlbə dərdi toxum təki əkənlər,

Niyə belə naçar oldu bu millət?!

 

Kreditlər boğazlardan yapışır,

Yalan, hiylə şeytanlarla tapışır,

Çarəsizlər hər günüylə çarpışır,

Fitnələrə düçar oldu bu millət.

 

Çıxış yolu yoxmu nalan insana?

Gözlər daha güc veribdi leysana,

Qismət olsun haram pullar ehsana,

Yuvasından qaçar oldu bu millət.

 

Hər metroya girəndə can ağlayır,

Gözlərdəki dərd sinəmi dağlayır,

Yalan dillər bülbül təki çağlayır,

Qəm qapısın açar oldu bu millət.

 

İnsanların ciblərini soyanlar,

Qazanları sobada boş qoyanlar,

Özlərini xalqdan üstün sayanlar,

Yad ellərə uçar oldu bu millət.

 

Banklar durub camaatın qəsdinə,

Faizləri yükləyirlər üstünə,

Çevriliblər haramxorlar üstünə,

İntiharla nə car oldu bu millət.

 

Tapılmayır yazıq xalqın əlacı,

Rüşvət yeyən hər bir işdə əlaçı,

Ömür keçir, para qıtdı, gün acı,

Cana qəsdi qucar oldu bu millət.

 

Şadimanın sınsın dedim qələmi,

Harayları ayıltmayır aləmi,

Qoy misralar bəyan etsin naləmi,

Ölümə dil açar oldu bu millət…

27.01.2017

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.