Dəli könül, belə boşalıb dolma,
Şərxata adamda dil əyri olur.
Nahaq işdən gəl sən pəjmürdə olma,
Namərd bölgüsündə əl əyri olur.
El malın namərdlər çapıb yeyirsə,
Mənsəbbaz özünə Allah deyirsə,
İkiüzlü bir anda min don geyirsə,
Beləsinə gün, ay, il əyri olur.
Gözlər gördüyünə əyri baxırsa,
Tikili bir evi vurub yıxırsa,
Bənd-bərəsiz sular coşqun axırsa,
Gur çaylarda dəli sel əyri olur.
İdrakda, şüurda pislik doğulsa,
Müqəddəs yaxşılıq susub boğulsa,
Yurdan çıxan yurda namərd oğulsa.
O da xalq ağzında bil əyri olur.
Dünyada yaxşılıq qalır ellərdə,
Mərdlik, qəhrəmanlıq gəzir dillərdə,
Şadiman, heç günah görmə illərdə,
Vaxtsız dərdi-sərdən bel əyri olur.
18.10.1987
Şirin Xanım Kərimbəyli Şadiman