Вы просматриваете: Главная > Şeirlər > YAMAN DƏYMİSƏN

YAMAN DƏYMİSƏN

Sən mənim könlümə yaman dəymisən,
Onu heç nə ilə ovutmaq olmur.
Bütün körpüləri yıxıb əymisən,
Əvvəlki günlərə qayıtmaq olmur.

Ümidi sozalıb ötən günlərin,
Fərəhə qurduğun toy-düyünlərin,
Açılmır vurduğun dərd düyünlərin,
Yanan ürəyimi soyutmaq olmur.

Sən könül qırmaqda birinci oldun,
Bütün həsrətlərin sevinci oldun,
İçdə bəslədiyim bir inci oldun,
O qədər cəlb edir heç atmaq olmur.

Salmısan könlümü dərd çeşməsinə,
Kimsə fəryadımın gəlmir səsinə,
İsinmir həyatım xoş nəfəsinə,
Xəyaltək ona da bir çatmaq olmur.

Səndə bu dəlilik, çılğınlıq nədən?
Ey könül evimi tarimar edən,
Deyirsən heç zaman qayıtmır gedən,
Eşq cana düşəndə çıxartmaq olmur.

Bir mürvət toxumu əkəydin qəlbdə,
Atıb özülünü tikəydin qəlbdə,
Çoxdan kərpicləri quruyub qəlbdə,
Ümid sarayını ucaltmaq olmur.

Sən mənim könlümə yaman dəymisən,
Onu heç nə ilə ovutmaq olmur.
Bütün körpüləri yıxıb əymisən,
Əvvəlki günlərə qayıtmaq olmur.
28.10.2014
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.