Вы просматриваете: Главная > Şeirlər > KİMƏ DEYƏK DƏRDİ BİZ?

KİMƏ DEYƏK DƏRDİ BİZ?

Ürəklər çəkir sitəm,
Dünyanı üzür matəm,
Tab tam tükənib daha,
Ümid qalıb Allaha,
O da bəndədən bezib,
Əlini bizdən üzüb.
Qırğına alışıb göz,
Kimə deyək dərdi biz?!

Zalımın zülümü çox,
Məzlumun hünəri yox.
Bu qədər ölüm-qırğın,
Üzlərdə həyat solğun,
Metroda, yolda, izdə,
Dağda, düzdə, dənizdə,
Hər bir yerdə təhlükə,
İnsanlığa bir ləkə!
Yox olub sevgi, istək,
Təlaşda vuran ürək.
Cəzası yox zalımın,
İnsan ölüm-qalımın,
Arasında çapalar,
Öz-özünə qapılar.
Böylə utanmayır üz,
Kimə deyək dərdi biz?!

Ümidlər çaxnaşmada,
Qəzəb dolub daşmada,
Hakim məhkumu əzir,
İçlərdə hiylə gəzir.
Torpaq üstə savaşlar,
Tökülən qanlı yaşlar.
Bu körpəcə yavrular,
Qan içində qovrular.
Hər zülmə rəvac verən,
Layiqsizə tac verən,
Bu günah sənin, mənim,
Söylə kimə güvənim?
Dağılan yurdlaramı?
Hiyləgər yadlaramı?
Qopan fəryadlaramı?!
Sənə tutub üzümü,
Qatlayıram dizimi,
Söyləyirəm, ay Allah,
Nə vaxt gələr xoş sabah?
Gülər insanlıq daha,
Son qoyular günaha.
Sən varkən yerdə, göydə,
Dil dolaşır gileydə.
İnsanlıq sən qoyan iz,
Bu dəhşəti özün çöz,
Eşitmirsənsə səsi,
Kəsirsənsə nəfəsi,
Bükülür bel, çökür diz,
Kimə deyək dərdi biz?
Kimə deyək dərdi biz?
14.01.2016
Şirin xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.